29.07.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev 2016-cı ilin 28 iyul tarixində Dövlət Sərhəd Xidməti Aparatında Beynəlxalq Miqrasiya Təşkilatının Cənub Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Argentina Sabadoşu qəbul etmişdir.

General-polkovnik Elçin Quliyev Azərbaycan  Respublikasının sərhəd təhlükəsizliyi sistemi, Dövlət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, dövlət sərhədlərində əməliyyat şəraiti və mövcud təhdidlər barədə məlumat vermişdir.

Azərbaycan Respublikasının sərhəd mühafizəsinin güclən­dirilməsi, texniki təchizatının yaxşılaşdırılması, Dövlət Sərhəd Xidmətinin təlim-tədris imkanlarının təkmilləşdirilməsində Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlərin əhəmiyyəti xüsusi qeyd edilmişdir. 

BMqT-nin Regional Direktoru Azərbaycan Respublikasının təhlükəsizlik sistemində Dövlət Sərhəd Xidmətinin önəmli yeri və rolunu, ölkə sərhədlərinin etibarlı mühafizəsi üzrə həyata keçirilən tədbirləri, miqrasiya məsələləri üzrə cavabdeh qurumlarla birgə fəaliyyətin vacibliyini vurğulamışdır.    

Görüşdə dünyada və regionda baş verən hadisələrin miqrasiya proseslərinə və sərhəd təhlükəsizliyinə təsiri, yeni çağırışlar və cavab tədbirləri ilə bağlı fikir mübadiləsi aparılmışdır. 

Tərəflər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əlaqələrin vəziyyətini yüksək qiymətləndirmiş və birgə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə etmişlər.   

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

 

                               Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

  • 80