20.07.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti  Belarus Respublikasının Dövlət Sərhəd Komitəsinin sədri general-polkovnik Leonid Maltsevin dəvəti ilə cari ilin 17 – 19 iyul tarixlərində Belarus Respublikasında rəsmi səfərdə olmuşdur.

Səfər çərçivəsində DSX nümayəndələri Belarusun Dövlət Sərhəd Komitəsinin strukturu, fəaliyyət sahələri, sərhəd mühafizəsinin təmin edilməsi üzrə müsbət təcrübəsi ilə tanış olmuş, habelə Azərbaycan və Belarus sərhəd xidmətləri arasında sərhəd təhlükəsizliyi, miqrasiya proseslərinin idarə edilməsi, buraxılış məntəqələrinin və kinoloji mərkəzlərin fəaliyyəti üzrə təcrübə mübadiləsinin davam etdirilməsi, inteqrə edilmiş sərhəd idarəçiliyi sahəsində beynəlxalq layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsi və maraq kəsb edən digər məsələlər üzrə müzakirələr aparılmışdır.

Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının Sərhəd Xidmətinin İnstitutu və sərhəd dəstəsi, kinoloji mərkəzi, sərhəd təhlükəsizliyi üzrə müasir avadanlıqlar istehsal edən bir sıra müəssisələrin imkanları ilə tanış olmuşdur.

Səfər zamanı DSX nümayəndələri Belarusun görməli yerləri və tarixi abidələri, o cümlədən “Xatın” memorial kompleksinə səfər etmiş,  II Dünya Müharibəsində Belarusun faşistlərdən azad olunması uğrunda gedən döyüşlərdə şücaətlə vuruşmuş azərbaycanlıların xatirəsi yad edilmişdir.

                                

   Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi