Dövlət Sərhəd Xidmətinin Akademiyasında vətənpərvər, Azərbaycan dövlətçiliyinə və Silahlı Qüvvələrin Ali Baş Komandanına sadiq, savadı və intizamı ilə seçilən zabitlərin hazırlanması, dövlət sərhədinin mühafizəsi və hərb sahəsində elmi tədqiqatların aparılması üçün mükəmməl elmi-pedaqoji potensial və maddi-texniki baza formalaşdırılmışdır.
Son illər ərzində DSX Akademiyası təkcə Azərbaycan sərhədlərinin deyil, həm də xarici dövlətlərin ölkə hüdudlarının mühafizəsi üçün ixtisaslı mütəxəssislər hazırlayan beynəlxalq tədris mərkəzinə çevrilməkdədir. Hazırda bir sıra dövlətlərin sərhəd mühafizə qurumları tərəfindən öz hərbi qulluqçularının DSX Akademiyasında təhsil almalarına şərait yaradılması barədə müraciətlər olunmuşdur və bu istiqamətdə kompleks tədbirlər planı həyata keçirilir.
İyul ayının 16-da Dövlət Sərhəd Xidməti Akademiyasının növbəti məzunlarının təntənəli buraxılış mərasimi keçirilmişdir. Ənənəvi olaraq möhtəşəm və əzəmətli Dövlət Bayrağı Meydanında təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmətinin komandanlığı, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak etmişlər.
Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik etmiş, onlara xidmətdə uğurlar arzulamış, tövsiyə və tapşırıqlarını vermiş, Azərbaycanın hər bir sərhədçisi kimi gənc zabitlərin də dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sərhədçisi adını həmişə uca tutacaqlarına əminliyini bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə ali diqqəti sayəsində əldə olunmuş xidməti nailiyyətlərdən danışan general-polkovnik Elçin Quliyev sərhədçilərin əsas hədəfinin ölkə sərhədlərinin tam şəkildə mühafizə altına götürülməsi olduğunu vurğulamış, dövlət bayrağımızın qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağını diqqətə çatdırmışdır.
Bu il akademiyanı bitirən 151 gənc zabitə diplomlar təqdim olunmuş, gənc zabitlər “Sərhədçi andı”nı qəbul etmişlər. Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər.
Mərasimdən sonra gənc zabitlər Dahi Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzi