+
-
14.06.2016
14.06.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

İsveçrə Konfederasiyası Sərhəd Mühafizə Korpusunun (SMK) rəisi briqada generalı Yürq Notun başçılığı altında nümayəndə heyəti 14 iyun  2016-cı il tarixdə Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.  

Səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirmiş, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad etmişlər.

14 iyun 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Aparatında  briqada generalı Yürq Notun təntənəli qarşılanma mərasimi keçirilmişdir.    

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və İsveçrə Konfederasiyasının Sərhəd Mühafizəsinin nümayəndə heyətləri arasında keçirilmiş görüş zamanı ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilmiş və gələcək əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır. Tərəflər arasında sərhəd təhlükəsizliyinin təmin olunması,  dövlət sərhəd buraxılış məntəqələrinin fəaliyyəti, dağ təlim kurslarının təşkili,  habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilmiş, hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri nəzərdən keçirilmişdir.

Azərbaycan Respublikasının dövlət sərhədin­dəki əməliyyat şəraiti və möv­cud təhdidlərdən danışan Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasını, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunmasını, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhlükə olduğunu qeyd etmişdir. Görüşdə həmçinin sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində aparılmış islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində  İsveçrə nümayəndələrinə ətraflı məlumat verilmişdir.

Səfər müddətində nümayəndə heyətinin Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb və  bir sıra digər hərbi obyektlərin fəaliyyəti ilə  tanış edilməsi nəzərdə tutulur.

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi 

f tw