2016-cı ilin döyuş hazırlığı proqramına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə 2016-cı ilin may ayının 17-dən 19-dək “Ağgöl” səhra təlim mərkəzində “Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq hücuma kecmiş düşmən qüvvələrinin hücumunun qarşısının alınması, əks həmlədən hücuma keçərək düşmən qüvvələrinin məhv edilməsi və dövlət sərhədinin bərpa edilməsi” mövzusunda irimiqyaslı taktiki təlimlər keçirilmişdir.
Təlimlərin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Silahli Qüvvələrinin Ali Baş Komandani cənab İlham Əliyevin tapşırıqlarının icrası, şəxsi heyətə Vətənə məhəbbət, qələbəyə inam, döyüş zamanı dözümlülük, mətanətlik və qorxmazlıq vərdişlərinin aşılanması, eləcə də çevik hərəkət bölmələri və aviasiya qüvvələri arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsi olmuşdur.
Döyüş atışlı təlimlərin üçüncü mərhələsi Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında həyata keçirilmişdir.
Üç mərhələdə keçirilən təlimlər zamanı Dövlət Sərhəd Xidmətinin qüvvə və vasitələri tərəfindən şərti düşmənin dövlət sərhədini pozmuş qoşun qrupları zərərsizləşdirilmiş və dövlət sərhədi bərpa edilmişdir. Üçüncü mərhələnin başlanğıcında pilotsuz uçuş aparatı vasitəsilə düşmən qüvvələrinin yerləşməsi müəyyən edildikdən sonra düşmən arxasında kəşfiyyat fəaliyyətini həyata keçirmək məqsədi ilə təyyarə və helikopterlərdən paraşutlarla desantın atılması təmin edilmişdir. Hava desantının uğurlu əməliyyatından sonra şərti düşmənin dayaq məntəqələrinə və dövlət sərhədini pozmuş zirehli texnikalarına qarşı döyüş helikopterlərindən və zenit artilleriya qurğularından açılan atəşlə onların irəliləməsinin qarşısı alınmışdır. Düşmən qruplarına havadan dəstək üçün göndərilmiş döyüş helikopterləri daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilmişdir. Düşmən hücumunun qarşısını alan qüvvələrimiz atəş üstünlüyünü əldə etməklə çevik hərəkət bölmələrinin sürətli əks hücuma keçməsinə şərait yaratmışdır. Daha sonra zirehli texnikalar üzərində hücuma keçən bölmələrimiz düşmənin dayaq məntəqələrində yerləşən canlı qüvvəsini və zirehli texnikalarını sərrast atışlarla məhv etmişlər. Döyüşə yeridilən 2-ci eşalon qüvvələri düşmənin ehtiyatlarını məhv edərək dövlət sərhədini bərpa etmişlər. Təlimlərdə döyüş əməliyyatları zamanı helikopterlər vasitəsilə döyüş bölgəsinə əlavə qüvvələrin çatdırılması, yaralıların təxliyə edilməsi, sıradan çıxmış avtomobil və zirehli texnikaların təmir-təxliyə qrupu tərəfindən döyüş sahəsindən çıxarılması elementləri də uğurla işlənilmişdir. Təlimlər zamanı bölmələrin real döyüş şəraitində idarə olunmasına, çevik hərəkət qüvvələri və aviasiya bölmələri arasında yüksək qarşılıqlı fəaliyyətə nail olunmuşdur.
Təlimlərdə zenit qurğularından, helikopterlərdən, zirehli texnikalardan, minaatanlardan, iri çaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları və raket buraxılışları müvəffəqiyyətlə həyata keçirilmişdir. Şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilmiş, döyüş atışı vərdişləri təkmilləşdirilmişdir. Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələri və aviasiya qüvvələri qarşiya qoyulmuş döyüş tapşirıqıqlarını uğurla yerinə yetirmiş, təlim müvəffəqiyyətlə başa çatmışdır.
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev təlimdə iştirak edən şəxsi heyəti qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə təbrik etmiş, döyüş hazırlığınin daha da yüksəldilməsi üzrə bölmələr qarşısında yeni tapşırıqlar müəyyən etmiş, Azərbaycan sərhədçilərinin Azərbaycan Respublikasının Prezidenti, Silahli Qüvvələrinin Ali Baş Komandani cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqları şərəflə icra etməyə daim hazır olduqlarını xüsusi vurğulamışdir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi