+
-
18.08.2012
18.08.2012-Yeni sərhəd zastavaları istifadəyə verilmişdir

Ölkəmizin cənub sərhədlərində sovet dövründə tikilmiş sərhəd zastavaları yenidən qurulur.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasəti Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. “Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı”nın uğurla yerinə yetirilməsi nəticəsində müasir sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi prosesi yeni mərhələyə qaldırılmışdır. Ardıcıl həyata keçirilən islahatlar, yeni silah-sursat, hərbi texnikanın və mühəndis-texniki avadanlıqların, müasir texniki vasitələrin alınması, şəxsi heyətin döyüş hazırlığının və peşəkarlıq səviyyəsinin yüksəldilməsi dövlət sərhədlərimizdə terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi təhdidlərə qarşı mübarizənin səmərəsini artırır.
Sərhəd mühafizə strukturunun təkmilləşdirilməsi mərhələsində dövlət sərhədləri boyunca müasir tələblərə cavab verən çoxsaylı yeni sərhəd məntəqələrinin tikilib istifadəyə verilməsi prosesi uğurla davam etdirilir. Sərhədlərdə tikilib istifadəyə verilən binaların sayı minlərlə ölçülür. Yeni sərhəd məntəqələrinin yaradılması prosesi ötən əsrin 30-cu illərində sovet hökuməti tərəfindən tikilmiş və müstəqilliyimizin bərpası ərəfəsində sovet sərhədçiləri tərəfindən demək olar ki, yararsız hala salınmış sərhəd məntəqələrinin əsaslı təmiri və yenidən qurulması işləri ilə paralel şəkildə aparılır.
Sovet hakimiyyətinin ilk illərində, 1924-cü ildə yaradılan Lənkəran Sərhəd Dəstəsində sovet dövründə tikilmiş binaların yenidən qurulması və əsaslı təmiri uğurla aparılır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yenidən qurulmuş və əsaslı təmir edilmiş qarnizonun açılışı mərasimində iştirak etməsinin, görülən işlərə yüksək qiymət verməsinin yaratdığı qürür və sevinc hissi içərisində daha 4 zastava yenidən qurularaq və əsaslı təmir edilərək istifadəyə verilmişdir. 1962-65-ci illərdə tikilmiş Armudlu, Orucməhlə, Alaşa, Məscidməhlə sərhəd zastavaları əsaslı təmir olunmuş və yenidən qurulmuşdur.
Cənub sərhədlərimizdə sovet dövründə tikilmiş sərhəd zastavalarının yenidən qurulması prosesi Horadiz Sərhəd Dəstəsində də uğurla davam etdirilir. Sərhəd dəstəsinin Böyük Bəhmənli, Bala Bəhmənli, Əmirzeytili, II Şahsevən, Xalac sərhəd zastavalarının əvvəlki görkəmindən əsər-əlamət qalmayıb.
Zastavalarda sərhədçilər üçün yüksək səviyyəli xidməti-döyüş şəraiti yaradılmışdır. Zastavaların hər birində əsgərlər üçün bütün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət, təlim və digər xüsusi təyinatlı otaqlar, anbarlar təmir olunaraq yenidən qurulmuş və yeni avadanlıqlarla təmin edilmişdir.
Zastavalarda mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri yaradılmış, hamam-camaşırxana müasir tələblər səviyyəsindədir.
Zastavalarda xidmət edən zabit və gizirlərin mənzil şəraiti xeyli yaxşılaşdırılmışdır. Lənkəran Sərhəd dəstəsindəki Orucməhlə sərhəd zastavasında, Horadiz Sərhəd Dəstəsinin Bala Bəhmənli, Əmirzeytili, II Şahsevən sərhəd zastavalarında yeni yaşayış binaları tikilmiş, digər zastavalardakı mövcud yaşayış evləri yenidən qurularaq lazımi məişət avadanlıqları ilə təmin olunmuşdur.

f tw