14.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən 2016-cı ilin fevral ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

Ay ərzində dövlət sərhədini pozduqları üçün 22 halda 34 nəfər saxlanılmış, onların 11 nəfəri Azərbaycan Respublikası, 9 nəfəri İran İslam Respublikası,  4 nəfəri Qana, hər ölkədən 2 nəfər olmaqla Pakistan, Özbəkistan, Ukrayna və hər ölkədən 1 nəfər olmaqla Moldova, Gürcüstan, Banqladeş və Filippin vətəndaşları olmuşdur.

Sərhəd rejim qaydalarını pozduqları üçün yaşıl sərhəddə 2 halda 4 nəfər,  Xəzər dənizində 14 halda 25 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respub­li­kası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 391 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 6 halda 7 kiloqram 498 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 59 halda ümumi dəyəri təqribən 376 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd TOZ-8 markalı tüfəng, 1 ədəd 7,62 mm-lik güllə, 25 kq barıt, 1 ədəd “Drond” markalı uçuş aparatı, 15636 qutu siqaret, 30920 Azərbaycan manatı, 569000 Rusiya rublu, 30 baş buzov, 6 baş at, müxtəlif növ dərman preparatları, spirtli içkilər, ərzaq və sənaye malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamə­tində tədbirlər davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi