11.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti  ilə Rusiya Federasiyasının  Federal Təhlükəsizlik Xidməti Direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri ordu generalı Vladimir Kulişovun rəhbərlik etdiyi nümayəndə heyəti  11 mart  2016-cı ildə ölkəmizə rəsmi səfərə gəlmişdir.  

Nümayəndə heyəti ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirmişlər.

Səfər çərçivəsində  Dövlət Sərhəd Xidmətinin Aparatında Azərbaycan Respublikasının  Dövlət Sərhəd Xidməti  və Rusiya Federasiyasının  Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin nümayəndə heyətləri arasında görüş keçirilmişdir.

Görüş zamanı tərəflər arasında Azərbaycan-Rusiya sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən Xəzər  dənizində vəziyyət barədə fikir mübadiləsi aparılmış, sərhəd təhlükəsizliyinə olan təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqənin inkişaf etdirilməsi,  demarkasiya işlərinin təşkili üzrə praktiki əməkdaşlığın davamı, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilmişdir.

Söhbət əsnasında ikitərəfli əməkdaşlığın inkişafı müsbət qiymətləndirilmiş, Azərbaycan və Rusiya sərhəd xidmətləri arasındakı əlaqələrin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin həll edilməsinə töhfə verdiyi vurğulanmışdır. 

Bununla yanaşı, görüşdə Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğu  vurğulanmış, həmçinin sərhəd  mühafizə sisteminin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər barəsində Rusiya nümayəndələrinə ətraflı məlumat verilmişdir.

Tədbir iştirakçıları “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində dövlət sərhədindən buraxılış məntəqələrinin müasir standartlara uyğun təkmilləş­dirilməsi, sərhəd nəzarəti prosedurlarının sadələşdirilməsi istiqa­mətində zəruri addımların atılmasının vacibliyini vurğuladılar.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.   

 

                          Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80