07.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Lənkəran Sərhəd Dəstəsinin qarnizonunda yeni inşa olunmuş

yaşayış komplek­si istifadəyə verilmişdir

 

Müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində  Azərbaycan Sərhəd Mühafizəsinin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, sərhədçilərin sosial-məişət problemlərinin həlli istiqamətində tədbirlər uğurla davam etdirilir. 07 mart 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsinin qarnizonunda inşa olunmuş yeni yaşayış komplek­sinin istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin növbəti təzahürü olmuşdur.

Yaşayış komplek­sinin açılış mərasimində çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Koman­danı general-polkovnik Elçin Quliyev dövlət sərhədlərimizin toxunulmazlığının təminatı sahəsində dinamik inkişafın uğurla davam etdirilməsi, sərhədçilərin xidmət şəraitinin yaxşılaş­dırılması istiqamətində əldə olunmuş nailiyyətlər barədə danışmış, hərbi qulluqçuların mənzil təminatı məsələlərinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin daimi diqqət mərkəzində olmasını vurğulamışdır.

Hərbi qulluqçulara xidməti mənzillərin orderlərini təqdim etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev yaşayış şəhərciyində yaradılmış şəraitlə tanış olmuş, yeni tikilmiş yaşayış binasına baxış keçirmiş, sərhədçi ailələri ilə söhbət etmişdir.

Sərhəd dəstəsində mövcud olan 150 mənzilli yaşayış binalarının sırasına yeni əlavə edilən beşmərtəbəli bina iki, üç və dörd otaqlı 38 mənzildən ibarətdir. Bütün mənzillər mebel, məişət avadanlıqları, müasir istilik sistemləri və texniki avadanlıqlarla təmin edilmiş, binada müasir avadanlıq və alətlərlə təmin olunmuş geniş idman zalı yaradılmışdır.

Yaşayış şəhərciyində mərkəz­ləşdirilmiş müşahidə, istilik və işıqlandırma sistemləri quraşdırıl­mışdır. 3500 kvadratmetr ərazidə abadlıq və yaşıllaşdırma işləri görülmüş, müxtəlif ağac, gül kolları əkilmiş, istirahət guşələri yaradılmış, 4000 kvadratmetr əraziyə asfalt örtük döşənmişdir.

Voleybol və mini futbol meydançası olan geniş idman şəhərciyi və uşaqlar üçün yaradılmış əyləncə guşəsi lazımi avadanlıqlarla təmin edilmiş, komplek­sin fasiləsiz su və istilik təminatı üçün tədbirlər görülmüşdür.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80