03.03.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Xalqımızın milli ənənələri sırasında mühüm yer tutan, Vətənə məhəbbət, həmrəylik, xeyirxahlıq kimi mənəvi-əxlaqi keyfiyyətlər aşılayan Novruz bayramı münasibətilə Dövlət Sərhəd Xidmə­tinin hərbi hissə və bölmələrində hər il müxtəlif tədbirlər keçirilir, şəxsi heyətin milli adət və dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması diqqət mərkəzində saxlanılır.

Novruz bayramı ərəfəsində təşkil edilən tədbirlər çər­çivəsində keçirilən “Valideyn günləri” şəxsi heyətin təlim-tərbi­yəsində, mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində, xidməti vəzifələrin icra­sına məsuliyyət hissinin daha da artırılmasında mühüm əhəmiyyət kəsb edir.

“Valideyn günləri”ndə qo­naqlara öncə hərbi hissə barəsində ümu­mi məlumat verilir, vali­deynlər əsgərlər üçün yaradılmış xidmət və məişət şəraiti ilə yaxından tanış olurlar. Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Və­tənimizin sərhədlərinin mühafi­zəsinə göstərdiyi ali diqqət və qayğı nəticəsində sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi istiqamətində qazanılan uğurlar haqqın­da ətraflı məlumat verilir, sərhədçilər üçün yaradılmış şərait barədə qonaq­ların təklif və rəyləri dinlənilir, dövlət sərhədinin mühafizəsinin təşki­lində valideynlərin və hərbi kollektivin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılır.

Nümunəvi xidmət edən əsgərlər Fəxri Fərmanlarla, “Xidmətdə fərqlənmiş sərhədçi” döş nişanları ilə, Döyüş Bayrağı önündə çəkilən fotoşəkillərlə, qiymətli hədiyyələrlə təltif olunur, onların vali­deynlərinə «Təşəkkür məktubları» təqdim edilir.

Valideynlər əsgər yeməkxanasında övladları ilə birgə nahar et­dikdən sonra incəsənət ustalarının iştirakı ilə konsert proq­ramları təşkil olunur, maraqlı və rəngarəng mədəni-kütləvi tədbirlər keçirilir.

Dövlət Sərhəd Xidməti valideynləri Novruz bayramının sevincini övladları ilə birgə yaşamağa, sərhədçilər üçün yaradılmış yüksək xid­mət və məişət şəraiti ilə yaxından tanış olmağa dəvət edir.

“Valideyn günləri” mart ayının 19-da saat 10:00-da Dövlət Sərhəd Xidmətinin Bakı, Naxçıvan, Horadiz, Göytəpə, Lənkəran, Xudat, Şəki, Za­qatala, Şəmkir, Yevlax qarnizonlarında keçirilməsi plan­laşdırılır.

  Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi