+
-
17.08.2012
17.08.2012- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2012-ci ilin avqust ayının 17-də Biləsuvar rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları mütəşəkkil cinayətkar dəstə tərəfindən İrandan Azərbaycana külli miqdarda narkotik maddə qaçaqmalçılığının qarşısını almışlar.

Belə ki, həmin tarixdə Biləsuvar rayonunun Şəhriyar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində saat 04:00 radələrində üzərilərində böyük ölçülü bağlamalar olan 5 nəfər silahlı şəxsin İran ərazisindən dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçmələri müşahidə olunmuşdur. Sərhəd pozucularının qarşısı alınarkən onlar sərhədçilərə qarşı odlu silahdan atəş açaraq İİR istiqamətində geriyə qaçmışlar. Sərhəd naryadının cavab atəşi nəticəsində sərhəd pozucularından 1 nəfəri yaralanmışdır. Sərhəd pozucuları havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək müqabil əraziyə qayıtmışlar. Hadisə yerinə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 66 kq ağır xassəli narkotik maddə olan tiryək aşkar olunmuşdur.

Bununla yanaşı, yuxarıdakı hadisə ilə eyni vaxtda həmin sərhəd zastavasının mühəndis-texniki qurğularının arxasında “Mersedes” markalı avtomaşında 3 nəfər şəxs aşkar olunmuş və saxlanılarkən hadisə yerindən yayınmağa cəhd etmişlər. Tutularaq sərhəd zastavasına gətirilmiş həmin şəxslərlə aparılmış ilkin araşdırma zamanı onların Azərbaycan vətəndaşları, Biləsuvar rayonu sakinləri 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu, 1980-ci il təvəllüdlü Mailov Rahib Abış oğlu, 1983-cü il təvəllüdlü Tağıyev Səbuhi Əliqismət oğlu olmaları və İran ərazisindən gətiriləcək narkotik maddələri qəbul etməyə hazırlaşmaları müəyyən olunmuşdur.

Dövlət Sərhəd Xidməti tərəfindən cinayətkar dəstənin digər üzvlərinin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir

f tw