+
-
24.02.2016
24.02.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə  Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik  Komitəsi sədrinin müavini – Sərhəd  Xidmətinin Direktoru  polkovnik Darxan Dilmanovun rəhbərlik etdiyi nümayəndə heyəti 22 fevral 2016-cı ildə ölkəmizə rəsmi səfərə gəlmişdir.  

Nümayəndə heyəti ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirmiş, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad etmişlər.

Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidmətinin Aparatında Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilmişlər.

Görüş zamanı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidməti arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır. Tərəflər arasında Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin, birgə əməliyyat-profilaktik tədbirlərin keçirilməsinin, o cümlədən qeyri-leqal miqrasiyanın, narkotiklərin qanunsuz daşınmasının, qaçaqmalçılığın və digər qanunsuz fəaliyyətlərin qarşısının alınmasının vacibliyi vurğulanmış, qeyd olunan sahələr üzrə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edilmişdir. 

Bununla yanaşı sahil mühafizəsində xidmətin təşkili, DSX Akademiyası və təlim mərkəzlərində Qazaxıstan Respublikasının MTK Sərhəd Xidmətinin Sahil Mühafizəsi üçün mütəxəssislərin hazırlanması,  dənizdə neft-qaz infrastrukturlarının mühafizəsi sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsi və bu sahədə birgə təlimlərin keçirilməsi üzrə ikitərəfli əməkdaşlığın  perspektivləri  və digər maraq doğuran məsələlər müzakirə edilmişdir.

Görüşdə həmçinin Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğu qeyd edilmiş, həmçinin sərhəd təhlükəsizliyinin gücləndirilməsi istiqamətində aparılmış islahatlar və əldə olunmuş nailiyyətlər barəsində  Qazaxıstan nümayəndələrinə ətraflı məlumat verilmişdir.

Səfər çərçivəsində qonaqlar Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, Sahil Mühafizəsi, DSX Akademiyası, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb və  bir sıra digər hərbi obyektlərin fəaliyyəti ilə tanış edilmişlər. 

  

                          Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi 

f tw