19.02.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Fevral ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılmasının 11-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Dövlət Sərhəd Xidməti rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev iştirak etmişdir. Tədbir iştirakçıları öncə Heydər Əliyev İdeoloji Mərkəzinə və Sahil Mühafizəsinin tarixini əks etdirən muzeyə baxış keçirmişlər.

Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlanan rəsmi hissədə Azərbaycan Respub­likasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Sahil Müha­fizəsinə səfərlərini, Sahil Mühafizəsinin xidməti-döyüş fəaliyyətini əks etdi­rən videogörüntülər nümayiş etdirilmişdir.

Tədbirdə müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin müəyyən­ləş­dir­di­yi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçi­ril­məsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qal­dı­­rılması, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davam­lı dinamik inkişafa nail olunduğu qeyd edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyevin 18 fevral 2005-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılması və 2008-ci ilin noyabr ayının 8-də Ali Baş Koman­dan tərəfindən DSX-nin Sahil Mühafizəsinin yeni bazasının  istifadəyə verilməsi ilə ölkəmizin dəniz sərhədlərinin mühafizəsinin yeni mərhələyə yüksəlməsi xüsusi qeyd edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 11 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategi­yası”na əsasən dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azər­baycana mənsub bölməsində karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infras­truk­tu­runun təhlükəsizliyinin təmin edilməsi istiqamətində Sahil Mühafizə­sinin uğurlu fəaliyyəti haqqında məlumat verilmişdir.

Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçu təltifləndirilmişdir.

Dövlət Sərhəd Xidməti rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev media nümayəndələri ilə birlikdə “Şahdağ” və “Tufan” sərhəd gözətçi gəmilərinə baxış keçirmişdir.

2014-cü ilin iyul ayının 18-də açılış mərasimində Azərbaycan Respub­likasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iştirak etdiyi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkə­zində qısa müddət ərzində altı ədəd üçüncü dərəcəli və bir ədəd ikinci dərəcəli sərhəd gözətçi gəmisi inşa edilərək döyüş sıralarına daxil edilmişdir. Sərhəd gözətçi gəmiləri, mükəmməl naviqasiya və rabitə-radio­tex­nika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı komp­leks­lər, gecə-gündüz görmə müşahidə sistemləri, hidroakustik qurğularla təchiz ediliblər.

Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələri yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş, dəniz şəraitində göyərtəsinə helikopterin enməsi də mümkün olan ikinci dərəcəli gəmidən dövlət sərhədlərinin mühafizəsi, sər­həd­bo­yu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifə­lə­rin icrası zamanı geniş istifadə olunur. Azərbaycan Respub­likasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin sentyabr ayının 7-də inşası yekunlaşmış ikinci dərəcəli sərhəd gözətçi gəmisi ilə tanış olması, dəniz sərhədlərinin və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi qürur hissi ilə qeyd edilmişdir.

Ən müasir sərhəd gözətçi gəmilərinə və katerlərinə malik olan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi hazırda Xəzər dənizində hər cür hava şəraitində dövlət sərhədinin mühafizəsini təmin etmək imkanlarına malikdir. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafi­zəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, dənizçilərin peşəkar­lıq səviyyəsinin artırılması xidməti-döyüş fəaliyyətinin nəticələrinə bilavasitə müs­bət təsir göstərir. Şəxsi heyətin döyüş hazırlığının yüksəl­dilməsinə, ekstremal şərait­də peşə vərdişlərinin yüksək səviyyədə olmasına xidmət edən müxtəlif möv­zu­­lu döyüş və taktiki təlimlərin keçirilməsi Dövlət Sərhəd Xidmətində artıq ənənə halı alıb.

Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri hazırladığı maraqlı konsert proqramını tədbir iştirakçılarına təqdim etmişdir.

Tədbirin sonunda Dövlət Sərhəd Xidməti rəisi – Sərhəd Qoşunlarının Koman­da­nı general-polkovnik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar etmişlər.    

 

                                               Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80