+
-
15.02.2016
15.02.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2016-cı ilin 11 fevral tarixində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Qazax rayonunun Babakər yüksəkliyi istiqamətində yerləşən sərhəd zasta­vasının xidməti sahəsindən Gürcüs­tan­dan Azərbaycan Respubli­kasına qaçaq­malın keçirilməsi barədə daxil olmuş məlumat əsasında ehtimal olunan ərazidə axtarış tədbirləri həyata keçirilmişdir.  

Bu tədbirlər nəticəsində saat 03:00 radələrində dövlət sərhəd xəttinin yaxınlığında dövlət nömrə nişanı 35 BH 057 olan “Kamaz” markalı nəqliyyat vasitəsinə 5-6 nəfər tərəfindən iri buynuzlu mal-qaranın və müxtəlif ölçülü bağlamaların yüklənməsi aşkar edilmişdir.

Axtarış qrupu tərəfindən yaxalanarkən havanın qaranlıq və dumanlı olma­sın­dan istifadə edən sərhəd pozucuları qaçaqmalı hadisə yerində qoyaraq Gürcüstan istiqamətində geri qaçmağa müvəffəq olmuşlar.

“Kamaz” markalı nəqliyyat vasitəsinin sürücüsü sərhədçilərin havaya xəbərdarlıq atəşinə məhəl qoymamiş, avtomobili yüksək sürətlə hərbi qulluq­çuların üzərinə sürərək onların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmış və hadisə yerindən uzaqlaşmağa çalışmışdır.

Sərhədçilər tərəfindən məlumatlandırılmış DYP əməkdaşlarının saxlama tələ­binə tabe olmayan nəqliyyat vasitəsinin sürücüsü qurulmuş maneəni vurub keçmiş, avtomobilin yük yerindəki qaçaqmalı yerə salaraq  onu təqib edənlər üçün maneə yaratmaqla qaçmağa cəhd göstərmişdır.

Həyata keçirilmiş tədbirlər nəticəsində “Kamaz” markalı nəqliyyat vasitəsi Ağstafa rayonunun Poylu kəndi ərazisində saxlanılmışdır. Avtomobilin sürücü­sünün 1980-cı il təvəllüdlü, Qazax rayonu Daş Salahlı kənd sakini Süley­manov Samir Siyavuş oğlu olduğu müəyyən edilmişdir.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 6 baş at, 30 baş buzov və 12 bağla­mada 90 adda 44 374 ədəd müxtəlif dərman pereparatlarından ibarət qaçaqmal aşkar edilmişdir.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw