+
-
19.01.2016
19.01.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

19 yanvar 2016-cı il tarixdə Dövlət Sərhəd Xidməti Aparatında 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir. Öncə tədbir iştirakçıları faciənin ildönümü münasibətilə hazırlanmış sərgiyə tamaşa etmişlər.

Tədbirin rəsmi hissəsində şəhidlərin unudulmaz xatirəsi bir dəqi­qəlik sükutla yad edilmişdir.

Anım mərasimində iştirak edən AMEA-nın tarix institutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhrəmov xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat vermişdir. Tədbirdə çıxış edənlər SSRİ rəhbərliyinin göstərişi ilə 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə törədilmiş dəhşətli cinayətin Azərbaycan xalqının müstəqillik uğrun­da mübarizə əzmini qıra bilmədiyini, həmin tarixi gecədə Azərbaycan xalqının özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqə­tini, azad­lıq uğrunda mübarizəsini bütün dünyaya bir daha bəyan etdiyini bildirmişlər. Qanlı faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində təcavüzə cəsarətlə etiraz bildirməsi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsi xüsusi vurğulanmışdır.

Qanlı yanvar hadisələrinə dövlət səviyyəsində həqiqi siyasi-hüquqi qiy­mətin yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiramın göstərilməsi, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının daim artırılması məqsədilə mühüm qərarların qəbul olunması barədə ətraflı məlumat verilmişdir.

Tədbirin sonunda 20 yanvara həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Faciənin ildönümü ilə bağlı təsdiq olunmuş plana əsasən, Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində anım tədbirləri keçirilmiş, xalqımızın qürur mənbəyinə çevrilən şəhidlərin xatirəsi dərin ehtiram hissi ilə yad edilmişdir.

                                         

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw