18.01.2016- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən 2015-ci ilin dekabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qeyri-leqal miqrasiyaya, qaçaqmalçılığa, narkotik vasi­tə­lərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

Ay ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 48 nəfər saxla­nıl­mışdır. Onların 21 nəfəri Azərbaycan Respublikası, 13 nəfəri Banqla­deş, 5 nəfəri Özbəkistan, 4 nəfəri İran İslam Respublikası, hər ölkədən bir nəfər olmaqla Rusiya Federasiyası, Qırğızıstan, Pakistan, Tacikistan, Moldova vətəndaşları olmuşdur.

Sərhəd rejim qaydalarını pozduqlarına görə Xəzər dənizində 5 halda 5 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.

Cinayətkarlğa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Res­pub­likasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 399 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 13 halda 13 kiloqram 123 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Dekabr ayının 6-da Biləsuvar rayonunun Səmədabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən axtarış tədbirləri nəticəsində dövlət sərhədində gizlədilmiş 6 kiloqram 190 qram heroin, 3 kiloqram 65 qram marixuana, 1 kiloqram 160 qram tiryək, 30 ədəd metadon həbi aşkar olunaraq götürülmüşdür.

Dekabrın 18-də Cəlilabad rayonunun Zəhmətabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Cəlilabad rayon sakini Əliyev Cavid Zikrəli oğlu 1 kiloqram tiryək və 1,3 kiloqram heroini Azərbaycan Respublikasına gətirmək istəyərkən yaxalanmışdır.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 71 halda ümumi dəyəri təqribən 932 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd beşaçılan tüfəng, 26 ədəd 12 mm-lik patron, 2 ədəd beşbarmaq, 20 020 ABŞ dolları, 14 ədəd mobil telefon, 1 ədəd durbin, 10 444 qutu siqaret, 11 121 ədəd pirotexniki vasitə, müxtəlif dərman preparatları, ərzaq və sənaye malları saxlanılmışdır

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

 

                                           Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi