25.12.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

25 dekabr 2015-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilmişdir.

Azərbaycan Sərhəd Mühafizəsi üçün 2015-ci il döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat yolu ilə mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olmuşdur.

Dövlət sərhədlərinin mühafizəsinin təşkilində uğurların əldə olunması Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlə­ri­nə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyevin sentyabr ayının 7-də DSX Sahil Mühafi­zə­sinin “Gəmi inşası zavodu”nda inşası yekunlaşmış ikinci dərəcəli sərhəd gözətçi gəmisi ilə tanış olması, dəniz sərhədlərinin mühafizəsi və neft-qaz infrastruk­turu­nun mühafizəsi üzrə mühüm tapşırıqlar verməsi, DSX komandanlığını növbəti ali hərbi rütbələrə layiq bilməsi, DSX əməkdaşlarını  orden və medallarla təltif etmə­si bütün şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.

2015-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə olunmuş nailiyyətlər sırasında:

  • may ayının 18-20 tarixlərində “Ağgöl” səhra təlim mərkəzində çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin cəlb edilməsi ilə geniş miqyaslı taktiki təlimin keçirilməsi hərbi qulluqçular tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığının nümayiş etdirilməsi;
  • DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkan­larının gücləndirilməsi, 4 yeni gəminin dəniz kompanyasına qəbul olunması ;
  • sentyabr ayının 28-30 tarixlərində RF-nın Sərhəd Xidməti ilə “Xəzər dəni­zin­də birgə sərhəd təlimlərinin keçirilməsi, təlimlər zamanı müxtəlif şəraitlərdə verilən tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi bacarığı;
  • noyabr ayının 24-26 tarixlərində “Ağgöl” səhra təlim mərkəzində Dövlət Sər­həd Xidmətinin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin döyüş hazırlığı səviyyəsinin yoxlanılması, aviasiya və döyüş texnikasının birgə döyüş tətbiqi üzrə idarəetmə orqanlarının uğurlu fəaliyyətinin nümayiş etdirilməsi;
  • dekabr ayının 5-də DSX-nin “Sitalçay” tədris mərkəzində yeni təlim poliqo­nu­nun xidməti istifadəyə verilməsi;
  • sərhəd aviasiyasının xidməti-döyüş imkanlarının və uçuş heyətinin peşəkar­lıq səviyyəsinin artırılması;
  • dövlət sərhədlərinin mühafizəsində yüksək rabitə texnologiyalarının, o cümlədən “Azərsky” peykinin imkanlarından istifadə edilməsi;
  • DSX Akademiyasının 4-cü buraxılışı olan  gənc leytenantların, o cümlədən ilk dəfə dənizçi və aviasiya ixtisaslı zabitlərin “Dövlət Bayrağı Meydanı”nda sərhəd­çi andını qəbul etmələri, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə xüsusi təyinatlı orta təhsil müəssisəsi statusunun verilməsi, Xüsusi Məktəbin ilk  məzunlarının DSX Akademiyasına daxil olmaları;
  • Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində, sərhəd bölmələrində “Valideyn günləri”nin  keçirilməsi təcrübəsinin uğurla davam etdirilməsi, hesabat dövrün­də 74  bu cür görüşün keçirilməsi qeyd olunmalıdır.

2015-cü ildə dövlət sərhədini pozduğuna görə 461, sərhəd rejimi qaydalarını pozduqlarına görə 16 min 648 nəfər saxlanılmışdır. Onların 55,1% Azərbaycan, 8,5% Özbəkistan, 7,6% İran, 4,3% Banqladeş, 3,9% Əfqanıstan, 2,6% Gürcüstan, 2,4% Moldova, 2,2% Rusiya, 1,7% Türkiyə, 1,3% Nigeriya, 1,3% Qırğızıstan, 9,1% digər ölkə vətəndaşları olmuşlar.

İl ərzində 4011 nəfər axtarışda olan şəxs tutulmuş, 269 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə 20 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılmışdır.

2015-ci il ərzində 5 milyon 242 min manat dəyərində qaçaqmal tutulmuş, 164 kq 858 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alın­mışdır. 21,1 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilmişdir.

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 7 AR, 1 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 2 AR vətəndaşı müəyyən olunmuş xaricdə münaqişə zonalarında döyüşmüş 11 Azərbaycan vətəndaşı saxlanılmış, qanunsuz miqra­siya, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmişdir.

Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 73, Rusiyaya məxsus 19, İrana məxsus 6, Qazaxıstana məxsus 1 gəmiyə, Türkmə­nistana məxsus 6 gəmiyə, Azərbaycana məxsus 363 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilmişdir. AR-ə məxsus 13 gəmi, digər dövlətlərə məxsus 4 gəmi və AR-ə məxsus 179 qayıq, o cümlədən 347 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülmüşdür. Hesabat dövründə DSX Sahil Mühafizəsi tərəfindən 4 halda dənizdə xilasetmə əməliyyatları keçirilmiş, 8 nəfər vətəndaş xilas edilmişdir.

Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan balıq ovlama vasitələri – 18,8 min metr tor, 4 min ədəd qarmaq yığılmışdır.

Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilmiş, 124 binadan ibarət 24 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 432 mənzilin inşası həyata keçirilmiş, 50 xidməti mənzil istifadəyə verilmişdir. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları üçün Bakı şəhərində 600 mənzildən ibarət yaşayış şəhərciyinin inşası yekunlaşdırılmış və güzəştli ipoteka şərtləri əsasında şəxsi heyətin xüsusi mülkiyyətinə verilməsi təmin olunmuşdur.

Hesabat müşavirəsinin sonunda Azərbaycan Respublikası Prezidentinin Sərən­camları ilə təltif olunmuş hərbi qulluqçulara orden, medallar və fəxri adların döş nişanları təqdim olunmuşdur.

 

                                              Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80