Dövlət Sərhəd Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq dekabr ayının 2-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda seminar keçirilmişdir.
Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi general-mayor Araz Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov seminarda dini radikalizm və onun fəsadları barədə çıxış etmişlər. Bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətləri, vətəndaşlarımızı xaricdə fəaliyyət göstərən dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdləri qətiyyətlə pislənmiş, bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri haqqında geniş məlumat verilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu milli siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları, respublikamızın tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyi xüsusilə qeyd olunmuşdur.
Seminarda müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilmiş, dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstərməsinin zəruriliyi vurğulanmışdır.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi