+
-
13.11.2015
13.11.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Cari ilin 11-12 noyabr tarixlərində Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti MDB Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) Astana şəhərində keçirilmiş 74-cü iclasında müşahidəçi qismində iştirak etmişdir.

İclasda MDB iştirakçısı olan dövlətlərin xarici sərhədlərində sərhəd təhlükəsizliyinə qarşı 2015-ci ildə təhdidlərin təhlili və 2016-cı ildə şəraitin inkişafı, SQKŞ-nin 2015-ci ildə fəaliyyətinin nəticələri, peşəkar kadrların hazırlanması və ixtisasının artırılması üzrə  tədbirlər, 2016-cı ildə planlaşdırılan tədbirlər, SQKŞ-nin növbəti iclası və digər məsələlər müzakirə edilmişdir.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Rusiya Federasiyası, Qazaxıstan Respublikası, Belarus Respublikası, Tacikistan Respublikası, Qırğızıstan, Özbəkistan Respublikası və Türkmənistanın sərhəd qurumlarının nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilmişdir.

Noyabrın 12-də Qazaxıstan Respublikasının MTK Sərhəd Xidmətinin nümayəndə heyəti ilə keçirilmiş görüşdə Xəzər dənizində mövcud vəziyyət, sərhəd təhlükəsizliyinin təmin olunması üzrə keçirilmiş tədbirlər, həmçinin iki ölkənin sərhəd qurumları arasındakı əlaqələrin vəziyyəti və gələcək perspektivləri  barədə fikir mübadiləsi aparılmış, Xəzər dənizində birgə təlimlərin  təşkil olunması, həmçinin qanunsuz miqrasiya, narkotiklərin daşınması, qaçaqmalçılıq və digər qeyri-qanuni fəaliyyətlərə qarşı praktiki əməkdaşlığın həyata keçirilməsinin vacibliyi qeyd olunmuşdur.    

Görüşün nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin və Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin nümayəndə heyətləri arasında Protokol imzalanmışdır.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.  

 

                                   Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw