23.10.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2015-ci il oktyabr ayının 23-də Dövlət Sərhəd Xidmətində cari ilin doqquz ayının xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev müşavirədə məruzə ilə çıxış edərək Heydər Əliyev dövlətçiliyinin qüdrətlənməsi və xalqımızın firəvanlığı naminə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində ölkəmizin bütün strateji inkişaf hədəflərinə nail olmasını, sosial və infrastruktur layihələrin müvəffəqiyyətlə icra edilməsini, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsini qeyd etmişdir.

Azərbaycan Sərhəd Mühafizəsi üçün 2015-ci ilin doqquz ayı  sərhəd mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi üzrə cənab Ali Baş Komandanın tapşırıqlarının, o cümlədən Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş digər vəzifələrin icrası, dövlət sərhədinin toxunulmazlığının və döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi ilə əlamətdar olması bildirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sərhəd Xidməti koman­dan­lığını növbəti ali hərbi rütbələrə layiq bilməsi, DSX əməkdaşlarını orden və medallarla, fəxri adlarla təltif etməsi, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan sərhəd gözətçi gəmilərilə tanış olması şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi və məsuliyyət hissi ilə qarşılanması xüsusi vurğulanmışdır.

Xidməti müşavirə zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  DSX qarşısında qoyduğu tapşırıqlar və onlardan irəli gələn məsələlər müşavirə iştirakçılarına çatdırılmış, DSX-nin rəhbər vəzifəli şəxslərinin məruzələri dinlənilmiş, xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi, döyüş hazırlığının möhkəmləndirilməsi, şəxsi heyətinin vətənpərvərlik ruhunda tərbiyəsinin gücləndirilməsi istiqamətində zəruri göstərişlər verilmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80