12.10.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Sərhədçi hərbi qulluqçulara və onların ailə üzvlərinə yüksək səviyyəli tibbi xidmətin göstərilməsi xüsusi diqqət mərkəzindədir. Tibb elminin yeniliklərinin, müasir texnologiyaların, qabaqcıl təcrübələrin öyrənilərək Dövlət Sərhəd Xidmətinin müayinə və müalicə müəssisələrində tətbiq edilməsi, ən yeni tibbi texnika və avadanlıqların alınaraq istifadəyə verilməsi istiqamətində fəaliyyət uğurla davam etdirilir.

Beynəlxalq tibbi təşkilatlarla, nüfuzlu səhiyyə ocaqları ilə faydalı əməkdaşlıq əlaqələrinin qurulması və sərhədçi həkimlərin peşəkarlığı nəticəsində bəzi tibbi əməliyyatlar ölkəmizdə ilk dəfə məhz Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında aparılır. Hərbi cərrahiyyəyə dair simpozium da ölkəmizdə ilk dəfə Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə keçirilmişdir. 2013-cü ilin mart ayında Bakıda keçirilən hərbi cərrahlar simpoziumunda dünyanın tanınmış hərbi cərrahları iştirak etmişlər.

Hazırda Dövlət Sərhəd Xidməti hərbi hospitalının cərrahları ilə Dünya Beynəlxalq Cərrahlar Cəmiyyətinin və Ambroise Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun sıx əlaqələri mövcuddur. Sərhədçi cərrahlar beynəlxalq təşkilatların işində fəal iştirak edir, innovativ metod və üsullarla tanış olur, təcrübə mübadiləsi aparırlar. Beynəlxalq hərbi cərrahlar cəmiyyətində səmərəli fəaliyyətin nəticəsidir ki, Dövlət Sərhəd Xidməti hərbi hospitalının rəisi, tibb elmləri üzrə fəlsəfə doktoru tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə cari ilin avqust ayının sonlarında Tailandda keçirilən Dünya Beynəlxalq Cərrahlar Cəmiyyətinin 46-cı konqresində Ambroise Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumunun 2017-2019-cu illər ərzində prezidenti seçilmişdir. Sərhədçi cərrahın bu uğuru ölkəmizdə hərbi cərrahiyyənin inkişafına müsbət təsir edəcəkdir.

                                

                                        Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80