30.09.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan və Rusiya sərhəd xidmətlərinin rəhbərləri arasında 2013-cü ildə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında 2014-2015-ci illər üçün tədbirlər Planı”na uyğun olaraq müvafiq tədbrilərin keçirilməsi uğurla davam etdirilir.

Birgə tədbirlər planına əsasən ötən ilin iyul ayının 21-24-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti sərhəd gəmisində Rusiya Federasiyasına dostluq səfəri etmişdir. Əməkdaşlığın davamı olaraq cari ilin 28-30 sentyabr tarixlərində isə Rusiya Federasiyası Sərhəd Xidmətinin Sahil Mühafizəsi Departamentinin rəis müavini  kontr-admiral Roman Tolokun rəhbərliyi ilə “Briliant” sərhəd gözətçi gəmisi Azərbaycan Respublikasına dostluq səfəri etmişdir.

Səfər çərçivəsində tərəflər arasında görüş keçirilmiş, ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılmış, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi və bioloji resursların qorunması, qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi məsələləri müzakirə olunmuşdur.

Sentyabrın 28-29-da Rusiya Federasiyası Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmilərinin və helikopterlərinin iştirakı ilə “Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, qeyri-qanuni miqrasiya, silah, partlayıcı maddələr və ölkə ərazisinə gətirilməsi və çıxarılması qadağan olunmuş digər mal və yüklərin qaçaqmalçılığına qarşı mübarizənin aparılması” mövzusunda birgə sərhəd təlimi keçirilmişdir. Təlimlər zamanı qanunsuz fəaliyyətin aşkarlanması, şərti hədəfin təqib edilməsi və saxlanılması üzrə birgə hərəkətlərin işlənilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi, praktiki atışların aparılması kimi elementlər icra edilmişdir.

Keçirilmiş təlimdə qarşıya qoyulmuş məqsədlərə tam nail olunmuş, sərhədçilər tərəfindən yüksək döyüş hazırlığı və peşəkarlıq göstərilmiş, müxtəlif şəraitdə verilən tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi bacarığı nümayiş etdirilmişdir.

Səfər zamanı Rusiya nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Aparatında və Akademiyasında, “Sərhədçi” İdman Olimpiya Mərkəzində olmuş, tərəflər arasında futbol üzrə yoldaşlıq görüşü keçirilmişdir.

Qonaqlar Bakı şəhərinin mədəni-tarixi abidələri, Dövlət Bayrağı Meydanı və “Qala” arxeoloji-etnoqrafik muzeyi ilə, dənizkənarı milli parkla tanış olmuşlar.

Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

        

                                  Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi