11.09.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev 2015-ci ilin  11 sentyabr tarixində Dövlət Sərhəd Xidməti Aparatında Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə  və Səlahiyyətli Səfiri cənab Alper Coşkunu qəbul etmişdir.

Görüşdə cənab Alper Coşkun ölkəsinin AR-ə yeni təyin olunmuş hərbi attaşesi general-mayor İhsan Başbozkurtu təqdim etmişdir. Dövlət Sərhəd Xidmətinin rəisi  hərbi attaşeni yeni təyinatı ilə əlaqədar təbrik etmiş  və Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək  fəaliyyətində ona uğurlar arzulamışdır.

Söhbət əsnasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə Türkiyə Respublikasının  Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilmiş və gələcək əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Görüş zamanı Dövlət Sərhəd Xidmətinin rəisi həmçinin Türkiyədə son zamanlar törədilmiş terror aktları nəticəsində çoxsaylı hərbçilərin şəhid olması və yaralanması xəbərinə dərindən kədərləndiyini izhar etmiş, baş vermiş hadisələrlə əlaqədar dərin hüznlə baş sağlığı verdiyini, yaralananların tezliklə sağalmasını dilədiyini vurğulamışdır. 

 

                                             Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

 

  • 80