11.09.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən 2015-ci ilin avqust ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

Ay ərzində  dövlət sərhədini pozduqları üçün 23 halda 28 nəfər saxlanılmışdır. Onların 19 nəfəri Azərbaycan Respublikası, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Özbəkistan, 2 nəfəri Malaziya, hər ölkədən bir nəfər olmaqla Rusiya Federasiyası, Qırğızıstan və Qazaxıstan vətəndaşları olmuşdur.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 10 nəfər, Xəzər dənizində 20 halda 28 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 428 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 10 kiloqram 575,9 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

05 avqust tarixində Cəlilabad rayonunun Zəhmətabad kəndi ərazi­sindəki sərhəd zastavasının xidməti sahəsində saat 02:00 radələrində İran İslam Respublikasından Azərbaycana keçmək istəyən 2 nəfər sərhəd pozucusunun qarşısı alınmışdır. Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucuları geri qaçmağa müvəffəq olmuşlar. Hadisə yerinə baxış zamanı iki ədəd bağlamada 5 kiloqram tiryək aşkar olunaraq götürülmüşdür.

15 avqust tarixində Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində əməliyyat məlumatı əsasında sərhəd zolağında qabaqcadan gizlədilmiş 4,6 kiloqram qurudulmuş marixuananı götürərkən 1967-ci il təvəllüdlü Bakı şəhər sakini Səfərov Həsrət Əliağa oğlu saxlanılmışdır.

Ağstafa rayonu ərazisində sərhədboyu zonada “Qarayazı” dövlət qoruğunda 1 hektar sahədə aşkar olunmuş ümumi çəkisi 975 kiloqram olan 1760 ədəd çətənə kolları toplanaraq yandırılmışdır.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı  mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 59 halda ümumi dəyəri təqribən 513 min manat olan qaçaqmal, o cümlədən 6 413 000 Rusiya rublu, 7501 ABŞ dolları, 7411 ədəd pirotexniki  maddə, pnevmatik tapança üçün 76 ədəd lülə, 1 kiloqram barıt, 1 ədəd beşbarmaq, 4125 qutu siqaret, 1 ədəd qayıq, 58 ədəd mobil telefon, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir. 

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi