+
-
09.09.2015
09.09.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin zabiti leytenant Rəsul Çunayev Azərbaycan yığma komandasına ilk qızıl medalı qazandırıb.

 

Dövlət Sərhəd Xidmətinin zabiti, “Sərhədçi” idman klubunun üzvü, ilk Avropa Oyunlarının çempionu leytenant Rəsul Çunayev Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən güləş üzrə dünya çempionatında növbəti uğura imza ataraq Azərbaycan yığma komandasına ilk qızıl medalı qazandırıb.

Yunan-Roma güləşi üzrə 71 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Rəsul Çunayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. İlk görüşündə Monakodan olan Frak Hissliyi məğlub edən Rəsul, ardınca Rusiya təmsilçisi Adam Kurakı döşəyə çıxmağa peşiman edib. Yerli azarkeşlərin güclü dəstəyinə baxmayaraq, ABŞ güləşçisi Jastin Daşuan Lesteri də tam üstünlüklə məğlub edən Rəsul adını yarımfinala yazdırıb. Belaruslu Timur Berdiyev üzərində tam üstünlüklə qələbə qazanan Rəsul Çunayev finala yüksəlib. Finalda erməni əsilli Ukrayna güləşçisi Armen Vardanyan üzərində inamlı qələbə qazanan güləşçimiz dünya çempionatının qızıl medalına sahib olub.

İlk Avropa Oyunlarının çempionu, Dünya kubokunun qalibi, gənclər və yeniyetmələr arasında Avropa çempionu, böyüklər arasında Dünya və Avropa çempionatlarının mükafatçısı leytenant Rəsul Çunayev böyüklər arasında Dünya çempionatlarında ilk qələbəsini Azərbaycan bayrağı ilə dövrə vuraraq özünə məxsus şəkildə hərbi salam verməklə qeyd edib.

Dünya çempionatında iştirak edən digər güləşçilərimizdən də qələbə müjdəsi gözləyirik.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

f tw