31.05.2012-Dövlət Sərhəd Xidmətinin Mərdəkan qəsəbəsindəki xüsusi məktəbində 2011-2012-ci tədris ilinin başa çatması münasibətilə tədbir keçirilmişdir.

Dövlət himnimiz səsləndikdən sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Məhəmməd Abbasquliyev, Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi general-mayor Araz Məmmədov, xüsusi məktəbin rəisi polkovnik-leytenant İntiqam Atakişiyev və məktəbdə təhsil alan şagirdlərin valideynləri çıxış etmişlər.

Tədbirdə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın məktəbin yaradılmasındakı xüsusi əməyi qeyd olunmuş və bildirilmişdir ki, gənclərin yaxşı təhsil almaları, fiziki və mənəvi tərbiyələri, vətənə və cəmiyyətə yararlı insan kimi yetişmələri fondun daim diqqət yetirdiyi məsələlərdəndir. Vurğulanmışdır ki, xüsusi məktəbdə şagirdlərin yüksək səviyyədə təlim və təhsil almaları üçün bütün şərait yaradılmışdır. Məktəbdəki müasir və yeni təchiz olunmuş xarici dil, informatika, fizika və ibtidai hərbi hazırlıq kabinetləri, şagirdlərin odlu silahlardan atəş açmaq vərdişlərinə yiyələnmələrində mühüm rol oynayan interaktiv atəş zalı, atçılıq və futbol meydançaları, trenajor otaqları, kitabxana, istirahət və yataq otaqları, yataqxana korpusu, yeməkxana müasir təhsil ocağına nümunə göstəriləcək səviyyədədir. Buradakı pintbol meydançalarında şagirdlərə döyüş qaydaları, hücum, müdafiə kimi hərbi üsullar öyrədilir. Fərəh hissi ilə qeyd olunmuşdur ki, müəllim və şagirdlər yaradılmış yüksək şəraitdən bacarıqla istifadə etmiş və ilk tədris ilini uğurla başa çatdırmışlar.

Sonra təlimdə və təhsildə fərqlənən müəllim və şagirdlərin bir qrupuna Fəxri Fərmanlar və Tərifnamələr təqdim olunmuşdur. Şagird­lərin rəsm və əl işlərindən ibarət sərgiyə baxışdan sonra keçirilən bədii hissədə vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmiş, mahnılar oxunmuşdur.

Şagirdlərin göstərdikləri əlbəyaxa döyüş səhnələri maraqla qarşılan­mışdır.