+
-
30.06.2015
30.06.2015 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən dəniz sərhədlərinin etibarlı mühafi­zəsi, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində rejim qaydalarına nəzarətin gücləndirilməsi üzrə zəruri tədbirlər davam etdirilməkdədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin texniki təchizatının təkmilləşdirilməsi, yeni müasir avadanlıq və cihazlar quraşdırılmış itisürətli üzmə vasitələri ilə təmin edilməsi dəniz hövzəsinin fasiləsiz nəzarətdə saxlanılması üçün xüsusi əhəmiyyət kəsb edir.

Cari ilin iyun ayında sərhədçilər tərəfindən dəniz yolu ilə ölkəmizə qaçaqmal gətirməyə cəhd göstərmiş cinayətkar qruplar zərərsiz­ləş­diril­mişdir. Belə ki, 19 iyun 2015-ci il tarixdə DSX Sahil Mühafizəsinin “Müqtədir” sahil nəzarət məntəqəsinin xidməti sahəsindən Rusiya Federasiyasından dəniz yolu ilə qayıqla qaçaqmalın gətiriləcəyi barədə əldə olunmuş məlumata əsasən sahilboyu ərazi qapanmış, sərhəd gözətçi  gəmisi vasitəsilə ərazi müşahidə altına götürülmüşdür. Keçirilmiş tədbirlər nəticəsində 20 iyun 2015-ci il tarixdə saat 01:00 radələrində mühərrikli qayıqla 804 kq nərə cinsli və 7 kq hisə verilmiş balıq, 2,4 kq qara kürü gətirmiş 8 nəfərdən ibarət qrup saxlanılmışdır.

29 iyun 2015–ci il tarixdə saat 09:30 radələrində DSX Sahil Mühafizəsinin “Balıqçılar” sahil nəzarət məntəqəsinin xidməti sahəsində dənizdən qayıdan balıqçı qayığının sənədləşdirilməsi zamanı 2 nəfərdən ibarət heyət üzvünün hərəkətləri sərhəd naryadında şübhə doğurduğu üçün qayığa əsaslı baxış keçirilmiş, qayığın burun və orta hissələrində xüsusi düzəldilmiş gizli saxlanc yerləri aşkar edilmişdir. Gizli yerlərə baxış zamanı 36 ədəd bağlamada ümumi çəkisi 1550 qram narkotik maddə olan qurudulmuş marixuana, 4600 qutu “Kent”,  2000 qutu “MM” markalı siqaretləri, 5970 konvalyut “Altram-200”adlı dərman preparatı, 15 ədəd “Samsung-Galaxy” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. İlkin araşdırma zamanı qaçaqmalın şəbəkə qrup tərəfindən dəniz yolu ilə İran İslam Respublikasından gətirildiyi müəyyən edilmişdir.

Hər iki fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi qaldırılmışdır, zəruri istintaq tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw