+
-
29.05.2012
28.05.2012-MİLLƏTİMİZİN ŞƏRƏF VƏ LƏYAQƏT TARİXİ

Dövlət Sərhəd Xidmətinin Bakı şəhərinin Nərimanov rayonunda inşa olunmuş yeni yaşayış kompleksində 28 May-Respublika Günü münasibəti ilə təntənəli mərasim keçirilmişdir. Dövlət himni səsləndikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev çıxış etmişdir:

–Azərbaycan xalqının istiqlaliyyət bayramı – Respublika Günü münasibətilə, milli dövlətçiliyimizin 94-cü ildönümü münasibətilə Sizin hər birinizi, Sizin simanızda bütün Azərbaycan sərhədçilərini təbrik edirəm!
Dövlətçilik tariximiz – iftixar yerimiz, müasir və qüdrətli Azərbaycan – qürur mənbəyimiz, qələbə müjdəli gələcəyimiz – məqsəd və hədəfimizdir!
Hazırkı müstəqilliyimizin söykəndiyi Azərbaycan dövlətinin təşəkkül tarixini öyrənmək və gələcək nəsillərə ötürmək isə hər bir azərbaycanlının vətəndaşlıq vəzifəsidir.
Tariximizin həmin səhifələrini qısa da olsa nəzərdən keçirək.
Əsrlər boyu xalqımız müstəqil dövlət və istiqlaliyyət arzuları ilə yaşamışdır. XIX əsrin ortalarında milli məktəbin, milli mətbuatın və milli teatrın təşəkkülü mədəniyyətimizi daha da zənginləşdirmiş, mənəvi və vətənpərvərlik hisslərini gücləndirmişdir.
1847-ci ildə dünyada ilk dəfə olaraq Azərbaycanda neftin sənaye üsulu ilə çıxarıldığı gündən başlanan iqtisadi yüksəliş ölkənin siyasi həyatına və mədəni inkişafına böyük təsir göstərmiş, milli dirçəliş ruhu geniş vüsət almış, istiqlal ideyasının reallaşması üçün zəmin yaranmışdı.
XX əsrin əvvəllərində dünyada gedən mürəkkəb geosiyasi proseslərin məntiqi nəticəsi olaraq, Azərbaycan xalqı öz arzusuna çatdı və müstəqilliyini əldə etdi. 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin qəbulu ilə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan bu suveren dövlət qısa ömür yaşasa da, milli dövlətçilik ənənələrimizin bərpasında müstəsna rol oynadı.
Sovet İttifaqının tərkibində olduğu son 30 ildə Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etdi, Dahi Öndər Heydər Əliyevin rəhbərliyi və xalqımızın gərgin əməyilə qüdrətli iqtisadi potensial yaradıldı. Bu illərdə Azərbaycanda yüzlərlə yeni istehsal müəssisəsi açıldı, zavod və fabriklər istifadəyə verildi, neftçıxarma və neft emalı, neft kimyası və maşınqayırma kompleksi, qara və əlvan metallurgiya, energetika və dağ mədən sənayesində, aqrar sektorda böyük uğurlar qazanıldı. Bütün bunlar, həmçinin həmin illərdə təhsil, elm və mədəniyyətdə əldə olunmuş böyük nailiyyətlər sayəsində hazırkı müstəqilliyimizin bünövrəsi qoyuldu.
1991-ci ilin avqust ayının 30-da Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycan Respublikasının Müstəqilliyi haqqında bəyannamə, həmin ilin oktyabr ayının 18-də «Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul edildi. Bununla da XX əsrin sonlarında SSRİ-nin süqutu ilə başlanan yeni geosiyasi dövrdə ölkəmiz öz istiqlaliyyətini Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa etdi.
Müstəqilliyin ilk illərində respublikada cərəyan edən mürəkkəb proseslər, xüsusilə Dağlıq Qarabağda baş verən hadisələr fonunda həyata keçirilən idarəçilik metodlarının zəifliyi, səriştəsizlik halları cəmiyyətə parçalayıcı təsir göstərir, separatizm meyllərinin güclənməsi üçün zəmin yaradırdı.
Azərbaycan yalnız 1993-cü ildə - ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası, iqtisadi dirçəliş strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun demokratik keçid yoluna qədəm qoydu. Məhz Heydər Əliyev öz dühası ilə Azərbaycan tarixinin bu yeni mərhələsində cəmiyyəti səfərbər edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə nail oldu. Hakimiyyətdə boşluqlar aradan qaldırıldı, separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoydu.
Ötən illər ərzində dövlət idarəçiliyi strukturunda əsaslı dəyişikliklər edilmiş, Milli Ordumuz, o cümlədən Azərbaycan Sərhəd Mühafizəsi formalaşdırılmış, ardıcıl və dinamik inkişafı təmin olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilməsi mühüm xidməti nailiyyətlərin əldə olunması imkanını yaratmışdır.
XX əsrin 90-cı illərinin ortalarından başlayaraq Azərbaycan Sərhəd Mühafizəsi böyük inkişaf yolu keçmiş, müasir silah və texnika ilə təchiz edilmiş, mobil, qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan hərbi potensial əldə etmişdir.
Dövlət sərhədində və hərbi hissələrdə həyata keçirilmiş böyük miqyaslı tikinti-quruculuq işləri sayəsində müasir sərhəd mühafizə infrastrukturu yaradılmış, dövlət sərhədlərinin daha etibarlı mühafizəsi təmin olunmuşdur.
Təqdirə layiqdir ki, bu illər ərzində Horadiz, Göytəpə, Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəstələrinin qarnizon kompleksləri, Sahil Mühafizəsinin yeni bazası, Akademiya, «Sərhədçi» idman-olimpiya və istirahət mərkəzləri, hərbi anbarlar, aviasiya dəstəsi, Cəlilabad rayonunda vahid tədris mərkəzi, atçılıq mərkəzi, xidməti heyvanların təlimatçılarının hazırlanması mərkəzi, yüzlərlə sərhəd məntəqəsi və digər xidməti obyektlər istifadəyə verilmişdir. Təkcə 2011-ci ildə hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1288 mənzil inşa edilmişdir və bu il bu say daha da artacaqdır.
Hörmətli tədbir iştirakçıları!
Azərbaycan qısa zaman kəsiyində sürətli inkişaf yolu keçərək ciddi müvəffəqiyyətlər qazanmışdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasət nəticəsində dövlətimiz regionda lider mövqelərə nail olmuş, dünyada nüfuzlu və etibarlı tərəfdaş kimi tanınmışdır. 155 dövlətin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz, beynəlxalq müstəvidə milli maraqlarımıza cavab verən qərarların qəbul edilməsinə nail olmağımız dünya siyasətinin subyekti kimi beynəlxalq mövqelərimizi möhkəmləndirmişdir.
Bu günlərdə ölkəmizdə keçirilmiş möhtəşəm “Eurovision 2012” mahnı müsabiqəsinin təkrarolunmaz səviyyədə təşkili, dünya ictimaiyyətinin diqqət mərkəzinə çevrilmiş ölkəmizdə inkişaf və tərəqqinin, odlar diyarının unikal təbiətinin və nemətlərinin, millətimizə xas olan qonaqpərvərlik və tolerantlıq keyfiyyətlərinin nümayişi və təbliği üçün mühüm əhəmiyyət kəsb etmişdir. Fürsətdən istifadə edərək, əcnəbiləri ölkə sərhədində birinci qarşılayan və sonuncu yola salan sərhəd nəzarəti məntəqələrinin əməkdaşlarının, müsabiqənin təhlükəsizliyi üzrə tədbirlərin təşkilində iştirak etmiş zabit və gizirlərimizin layiqli xidmətlərini xüsusi qeyd etmək istərdim.
Hörmətli tədbir iştirakçıları!
Heç də təsadüfi deyil ki, bugünkü bayram tədbiri Dövlət Sərhəd Xidmətinin yeni yaşayış massivində təşkil olunmuşdur. Bu məkanın rəmziliyi ondadır ki, bu bina Azərbaycan dövlətinin öz sərhədçisinə diqqət və qayğısının növbəti göstəricisidir.
Qarşısında durduğumuz yaşayış massivi Azərbaycan sərhədçilərinin, onların ailələrinin sosial şəraitlərinə daim xüsusi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bilavasitə göstərişi əsasında inşa edilmiş, tam təmir olunmuş və şəxsi heyətin istifadəsinə verilmişdir.
Qürurluyuq ki, 2011-ci ilin may ayının 19-da möhtərəm Prezidentimiz bu binalara baxış keçirmiş və görülmüş işlərə yüksək qiymət vermişdir.
Sevinclidir ki, bu gün xidməti vəzifələrinin icrasında fərqlənmiş əməkdaşlarımızın növbəti qrupuna bu binada xidməti mənzillərin orderləri təqdim edilir.
Əziz sərhədçilər!
Böyük fəxarət hissi ilə bir daha Sizin hər birinizi «Respublika günü» münasibətilə, burada toplaşmış əməkdaşlarımızı və onların ailə üzvlərini isə həmçinin xidməti mənzillə təmin edilmələri münasibətilə təbrik edir, gələcək xidməti fəaliyyətinizdə uğur və müvəffəqiyyətlər, şəxsi həyatınızda sevinc dolu anlar arzulayıram!
Bayramınız mübarək!
Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Bakı şəhərində tam təmir olunmuş yeni xidməti mənzillərin orderləri təqdim edilmişdir.
Tədbir bayram süfrəsi arxasında davam etdirilmiş, incəsənət ustalarının konserti ilə başa çatmışdır.

f tw