+
-
22.05.2015
22.05.2015 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

2015-ci ilin döyuş hazırlığı proqramına uyğun olaraq “Azərbaycan Respublikasının dövlət sərhədini pozmuş düşmənin qoşun qruplarının və terror-təxribat dəstələrinin zərərsizləşdiril­məsi” mövzusunda Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə 2015-ci ilin may ayının 15-dən 21-dək “Ağgöl” səhra təlim mərkəzində irimiqyaslı taktiki təlimlər keçirilmişdir.

Təlimlərin əsas məqsədi Azərbaycan Respub­likasının Prezidenti, Silahli Qüvvələrinin Ali Baş Komandani cənab İlham Əliyevin tapşırıqlarının icrası, şəxsi heyətə Vətənə məhəbbət, qələbəyə inam, döyüş zamanı dözümlülük, mətanətlik və qorxmazlıq vərdişlərinin aşılanması, eləcə də çevik hərəkət bölmələri və aviasiya qüvvələri arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin təkmilləşdirilməsi olmuşdur.

Döyüş atışlı təlimlərin üçüncü mərhələsi Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında həyata keçirilmişdir.

Üç mərhələdə keçirilən təlimlərin ssenarisinə əsasən Dövlət Sərhəd Xidmətinin qüvvə və vasitələri tərəfindən şərti düşmənin dövlət sərhədini pozmuş qoşun qrupları zərərsizləşdirilmiş və dövlət sərhədi bərpa edilmişdir. Üçüncü mərhələnin başlanğıcında pilotsuz uçuş aparatı vasitəsilə düşmən qüvvələrinin yerləşməsi müəyyən edildikdən sonra düşmən arxasında kəşfiyyat fəaliyyətini həyata keçirmək məqsədi ilə təyyarə və helikopterlərdən paraşutlarla desantın atılması təmin edilmişdir. Hava desantının uğurlu əməliyyatından sonra şərti düşmənin dayaq məntəqələrinə və dövlət sərhədini pozmuş zirehli texnikalarına qarşı döyüş helikopterlərindən və zenit artilleriya qurğularından açılan atəşlərlə onların irəliləməsinin qarşısı alınmışdır. Düşmən qruplarına havadan dəstək üçün göndərilmiş döyüş helikopterləri daşınan zenit-raket kompleksləri vasitə­silə məhv edilmişdir. Düşmən hücumunun qarşısını alan qüvvələ­rimiz atəş üstünlüyünü əldə etməklə çevik hərəkət bölmələrinin sürətli əks hücuma keçməsinə şərait yaratmışdır. Daha sonra  zirehli texnikalar üzərində hücuma keçən bölmələrimiz düşmənin dayaq məntəqələrində yerləşən canlı qüvvəsini və zirehli texnikalarını sərrast atışlarla məhv etmişlər. Təlimlərdə döyüş əməliyyatları zamanı helikopterlər vasitəsilə döyüş bölgəsinə əlavə qüvvələrin çatdırılması və yaralıların təxliyyə edilməsi elementləri də uğurla işlənilmişdir. Təlimlər zamanı bölmələrin real döyüş şəraitində idarə olunmasına,  çevik hərəkət qüvvələri və aviasiya bölmələri arasında yüksək qarşılıqlı fəaliyyətə nail olunmuşdur.

Təlimlər vaxtı zenit qurğularından, helikopterlərdən, minaatan­lardan, iri çaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları və raket buraxılışları müvəffəqiyyətlə həyata keçrilmişdir. Şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilmiş, döyüş atışı vərdişləri təkmilləşdirilmişdir. Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələri və aviasiya qüvvələri qarşiya qoyulmuş döyüş tapşirıqıqlarını uğurla yerinə yetirmiş, təlim müvəffəqiyyətlə başa çatmışdır.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev təlimdə iştirak edən şəxsi heyəti qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə  təbrik etmiş, döyüş hazırlığınin daha da yüksəldilməsi üzrə bölmələr qarşısında yeni tapşırıqlar müəyyən etmiş, Azərbaycan sərhədçilərinin Azərbaycan Respub­likasının Prezidenti, Silahli Qüvvələrinin Ali Baş Komandani cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqlari şərəflə icra etməyə daim hazır olduqlarını xüsusi vurğulamışdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw