Dövlət Sərhəd Xidmətinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətilə birgə təşkil etdiyi Bakı şəhəri üzrə məktəblərin təhsildə fərqlənən yuxarı sinif şagirdləri may ayının 16-da Dövlət Sərhəd Xidmətinin Akademiyasında ekskursiyada olmuşlar.
Tədbirin məqsədi yüksək bilik və bacarıqları, mənəvi keyfiyyətləri ilə seçilən, təhsildə fərqlənən yuxarı sinif şagirdlərini hərbi təhsil ocaqlarında yaradılan şəraitlə əyani tanış etmək, onlarda hərbi təhsilə maraq oyatmaqdan ibarət olmuşdur.
Akademiyanın rəisi general-mayor Araz Məmmədov şagirdlərlə görüş zamanı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində əldə olunmuş yüksək nailiyyətlər, akademiyanın yaranması və inkişafı, yüksək ixtisaslı sərhədçi zabitlərin, hərbi elmi işçilərin hazırlanması sahəsində qazanılmış müsbət nəticələr barədə ətraflı məlumat vermişdir.
Akademiyada yaradılmış məişət şəraiti və təlim-tədris prosesi ilə yaxından tanış olduqdan sonra şagirdlər çay süfrəsi arxasında kursantlarla söhbət etmişlər.
Sonda Sərhəd Qoşunlarının xidməti-döyüş fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi