May ayının 4-də Dövlət Sərhəd Xidmətinin Akademiyasında alman faşizmi üzərində qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Xətai rayonunun Veteranlar Şurasının nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edənlər 1941-1945-ci illərdə Azərbaycandan 700 min nəfərdən çox insanın müharibədə iştirak etməsindən, onların 300 min nəfərinin döyüşlərdə həlak olmasından, göstərdikləri igidliyə görə 123 nəfər həmyerlimizin Sovet İttifaqı Qəhramanı adına və 170 min nəfərin müxtəlif orden və medallara layiq görülməsindən, Azərbaycanlılardan ibarət milli diviziyaların Qafqazdan Berlinədək keçdiyi şanlı döyüş yolundan, arxa cəbhədə çalışan insanların rəşadətindən, müharibənin qələbə ilə başa çatmasında Bakı neftinin misilsiz rolundan ətraflı danışmışlar. Ölkəmizdə 1941-1945-ci illərdə alman faşizmi üzərində qələbənin hər il qeyd olunmasının, veteranlara göstərilən diqqət və qayğının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan tədbir iştirakçıları bu ənənənin hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişlər.
Tədbirin sonunda Akademiyanın rəisi general-mayor Araz Məmmədov veteranların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində gördükləri işlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Tədbirdə iştirak edən veteranlara hədiyyələr təqdim edilmiş və xatirə şəkilləri çəkdirilmişdir.
Sonda Böyük Vətən Müharibəsinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi