+
-
14.04.2015
14.04.2015 - Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatı

Cari ilin aprel ayının 13-də Naxçıvan şəhərində Azərbaycan Res­publikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İran İslam Respublikası Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdikləri geniş tərkibdə nümayəndə heyətlərinin gorüşü keçirilmişdir.

Gorüş zamanı Azərbaycan-İran dovlət sərhədində, dovlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyət və onun inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılmış, narkotik maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya və digər transsərhəd cinayətlərlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər müzakirə edilmişdir.

Əldə olunmuş razılaşmalara uyğun olaraq “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsinin 24 saatlıq iş rejiminə keçirilməsi və dovlət sərhədindən vətəndaşların gediş-gəli­şinin asanlaşdırıl­ması üçün zəruri tədbirlərin görülməsinin vacibliyi nümayəndə heyətləri tərəfindən qeyd olunmuşdur.

Ölkələrimiz arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi nəzərə alınaraq dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində əməkdaşlığın geniş­lən­dirilməsinin vacibliyi qeyd olunmuş, Azərbaycan-İran sərhədində təhlükəsizlik və sabitliyin qorunub saxlanıl­masında sərhəd qurumlarının rəhbərləri arasında görüşlərin bilavasitə bölgələrdə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığı vurğulanmışdır.

Müzakirələr zamanı I Avropa oyunları ərəfəsində və keçirilməsi zamanı dövlət sərhədində təhlükəsizliyin təmin edilməsi məqsədilə sərhəd qurumları arasında qarşılıqlı əlaqənin gücləndirilməsi nəzərdən keçirilmişdir.     

Səfər çərçivəsində İran nümayəndə heyətinin rəhbərliyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbov tərəfindən qəbul edilmişdir. Gorüşdə Azərbaycan Respub­li­ka­sı ilə İran İslam Respublikası arasında genişlənən əlaqələr çərçivəsində sərhəd qurumlarının rolu xüsusi qeyd olunmuş, iki ölkə arasında dost­luq və mehriban qonşuluq münasibətlərinin daha da möh­kəm­ləndirilməsinin vacibliyi vurğulanmışdır.

Həmin gün təşkil olunmuş mədəni proqram çərçivəsində İran nümayəndə heyəti üçün Naxçıvan şəhərində gəzinti təşkil olunmuş, qonaqlar qədim memarlıq sənətinin inciləri “Naxçıvan Qalası”, “Xan Sarayı” və “Möminə Xatun türbəsi” kimi tarixi abidələrlə tanış olmuşlar.

Gorüşlər qarşılıqlı anlaşma şəraitində keçmişdir.

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw