17.05.2012- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Son zamanlar Azərbaycan-İran sərhədində fəaliyyət göstərən transsərhəd cinayətkar qrupların aşkarlanması və zərərsizləşdirilməsi, qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınması ilə bağlı hər iki ölkənin sərhəd qurumları arasında müxtəlif səviyyələrdə məlumat mübadiləsi intensivləşmiş, sərhəd mühafizəsinin gücləndirilməsi istiqamətində razılaşdırılmış tədbirlər davam etdirilir.

Belə ki, cari ilin aprel ayı ərzində keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan-İran sərhədindən narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan hər iki ölkənin vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar qrup aşkar olunaraq zərərsizləşdirilmişdir.

Məlum olmuşdur ki, qrup üzvləri gizli üsullardan istifadə etməklə dövlət sərhədindən narkotik vasitələrin İrandan Azərbaycana gətirilməsini təşkil etmişlər.

Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş tədbirlər nəticəsində qrupun AR vətəndaşlarından olan 2 üzvü saxlanılmış, onlarla aparılmış araşdırma zamanı məlum olmuşdur ki, İİR-dən AR-ə gətirilmiş narkotik vasitənin müqabilində 2 nəfər AR vətəndaşı – Masallı rayon sakinləri Əhmədov Zamin Gülhüseyn  oğlu və Məmmədova Həmayıl Məmməd qızı İranın Parsabad  şəhristanı Əlirzabad kəndində girovluqda saxlanılır, onların səhhətinə və həyatına ciddi təhlükə yaranmışdır.

Göstərilənləri nəzərə alaraq cari ilin aprel ayının 27-də İran sərhəd polisinin aidiyyəti qurumu məlumatlandırılmış, müqabil tərəfdə mütəşəkkil qrup üzvlərinin müəyyənləşdirilərək aşkar edilməsi, zərərsizləşdirilməsi və AR vətəndaşlarının girovluqdan azad edilməsi üzrə birgə tədbirlərin keçirilməsi razılaşdırılmışdır.

Iran İslam Respublikasının aidiyyəti qurumlarının həyata keçirdiyi tədbirlər nəticəsində qeyd olunan qrupun İran vətəndaşlarından ibarət 4 üzvü törətdikləri cinayətə görə saxlanılmış və girovluqda olan AR vətəndaşları azad edilərək may ayının 3-də tərəfimizə təhvil verilmişlər.

Tədbirlərin davamı olaraq İran tərəfdən mütəşəkkil cinayətkar qrupun digər üzvləri də aşkar olunmuş və ümumilikdə 7 nəfər saxlanılmış, onlardan silah-sursat və texniki vasitələr, küllü miqdarda narkotik maddə, əntiq əşyalar, cinayət məqsədi ilə istifadə olunan 5 nəqliyyat vasitəsi, 3 ədəd mobil telefon və digər maddi sübutlar götürülmüşdür.           

Həmin dövrdə Azərbaycan ərazisinə keçirilmiş narkotik vasitə və qrupun digər bir üzvü də saxlanılmışdır.

Faktla bağlı birgə tədbirlər davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi