16.03.2015 - Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi, bütün hərbi hissələrin müasir silah və texnika ilə təmin olunması, yeni hərbi hissələrdə və sərhəd bölmələrində müasir şəraitin yaradılması nəticəsində Vətəni­mizin sərhəd­lərinin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində yüksək nailiyyətlər əldə edilmişdir.

Sərhədlərin mühafizəsi işinin səviyyəsi birbaşa şəxsi heyətin mənəvi-psxoloji vəziyyətindən asılıdır. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəliliyinin yüksəl­dilməsində, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə edilmə­sində və hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılmasında vali­deynlərin rolunun artırılması məqsədilə hərbi qulluqçuların vali­deynləri ilə sıx əlaqələrin yaradılmasına böyük önəm verilir və bu məqsədlə müxtəlif tədbirlər həyata keçirilir.

Bu tədbirlərin sırasında hərbi hissələrdə və bölmələrdə «Valideyn günləri»nin keçirilməsini xüsusilə qeyd etmək olar. Belə tədbirlərdən biri də mart ayının15-də Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş, “Azərbaycan Bayrağı” ordenli baş leytenant Tahir Bədəlovun adını daşıyan sərhəd zastavasinda keçirilmişdir. Sərhəd dəstəsi rəhbərliyinin və sərhəd zastavasinda xidmət edən əsgərlərin valideynlərinin iştirakı ilə keçirilən tədbirdə öncə qonaqlara çay süfrəsi arxasında hərbi hissə və sərhəd zastavası barədə ümümi məlumatlar verilmişdir. Valideynlərlə əsgərlərin şəxsi görüşləri keçirildikdən sonra qonaqlar sərhəd zastavasında yaradılmış xidmət və məişət şəraiti ilə tanış olmuşlar.

Tədbirin rəsmi hissəsində çıxış edən Horadiz sərhəd dəstəsinin rəisi polkovnik-leytenant İlham Babayev keçirilən tədbirin məqsədi, Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısı, əldə olunmuş uğurlar barədə məlumat vermişdir.

Tədbirdə çıxış edən valideynlər sərhəd zastavasinda yaradılmış xidmət və məişət şəraitindən razı qaldıqlarını bildirmiş, sərhədçi əsgərlərə öz tövsiyələrini vermişlər. Daha sonra dövlət sərhədinin mühafizəsinin təşkilində valideynlərin və hərbi kollektivin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılmışdır. Övladlarının xidmətləri ilə bağlı valideynlərin rəy, təklif və iradları dinlənildikdən sonra xidmətdə fərqlənmiş hərbi qulluqçulara  «Xidmətdə fərqlənmiş sərhədçi» döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələr, valideynlərə «Təşəkkür məktubları» təqdim edilmişdir. Birgə nahardan sonra tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin  Zabitlər evinin «Sərhədçi» vokal-instrumental ansamblının hazırladığı maraqlı konsert proqramına tamaşa etmişlər.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80