13.03.2015 - Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd edən qrup ifşa edilmişdir.

Belə ki, cari ilin mart ayının 5-də saat 24:00 radələrində Cəlilabad rayonu Dələli kənd ərazisindəki sərhəd zastavanın xidməti sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları qaçaqmalçılıq yolu ilə dövlət sərhədindən narkotik maddələri keçirən Salyan rayon sakinləri Hüseynov Rövşən Balaqardaş oğlunu və Mirzəyev Təlatun Abdul oğlunu “Mercedes” markalı Az-99-NN-353 nömrə nişanlı avtomaşınla birlikdə saxlamışlar. Dövlət Sərhəd Xidməti əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq gözyaşardıcı qazdan istifadə etməklə hadisə yerindən qaçmağa cəhd göstərən şəxslər sərhədçilərin qətiyyətli hərəkətləri sayəsində yaxalanmışlar.

Saxlanılmış şəxslərin üzərlərinə baxış keçirilərkən 4 kiloqram tiryək, 4 ədəd  mobil telefon, 1 ədəd gözyaşardıcı qaz balonu aşkar edilərək götürülmüşdür.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-in 318 (dövlət sərhədini qanunsuz keçmə), 206 (qaçaqmalçılıq), 234 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanmış, həmin cinayətin iştirakçılarına qeyd olunan maddələrlə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayəti törətmiş digər iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

   

                                                    Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi