26.02.2015-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Cari ilin fevral ayının 23-24 tarixlərində İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayinin dəvəti ilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfər etmişdir.  

Səfər çərçivəsində İranın Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzayi, Nizam-intizam Qüvvələrinin Komandanı general-mayor İsmayıl Əhmədi Müqəddəm və Müdafiə Naziri general-mayor Hüseyn Dehqan ilə görüşlər keçirilmişdir.

Aparılan müzakirələr zamanı Azərbaycan-İran sərhədində əməliyyat şəraiti, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, narkotik maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya və digər cinayətlərə qarşı mübarizənin aparılması, məlumat mübadiləsinin təşkili, dövlət sərhədindən vətəndaşların gediş-gəlişinin asanlaşdırılması, sərhəd çaylarında həyata keçirilən sahilbərkitmə işləri və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.  

Bununla yanaşı, İran rəsmiləri ilə aparılan danışıqlar zamanı Ermənistan tərəfindən Azərbaycan Respublikasının 20% ərazisinin işğal edilməsinin ölkəmizin milli təhlükəsizliyi üçün əsas təhdid olaraq qaldığı və həmin ərazilərin transsərhəd cinayətkarlıq tərəfindən istifadə olunduğu xüsusən vurğulanmışdır.   

Səfər müddətində gələcək əməkdaşlığın perspektivləri mazakirə olunmuş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və İran İslam Respublikası Sərhəd Qoşunları nümayəndələrinin görüş Protokolu imzalanmışdır.

Görüşlər qarşılıqlı anlaşma şəraitində keçmişdir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80