+
-
06.02.2015
06.02.2015- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən 2015-ci ilin yanvar ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçiril­miş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni döv­riy­yə­sinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

Ay ərzində dövlət sərhədini pozduqları üçün 24 halda 25 nəfər saxla­nılmış, onların 12 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Türkiyə,  2 nəfəri Tacikistan və 2 nəfəri Şri-Lanka vətəndaşı olmuşdur.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 11 halda 17 nəfər, Xəzər dənizində 4  halda 6 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respubli­ka­sı­nın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 222 nəfər aşkarlanaraq aidiy­yəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəti­cə­sində 17 halda 15 kiloqram 242 qram narkotik maddənin dövlət sərhədindən keçi­ril­məsinin qarşısı alınmışdır.

Yanvar  ayının 2-də Cəlilabad rayonunun Dələli  kənd ərazisindəki zastavanın xidməti sahəsində əməliyyat məlumatı əsasında həyata keçiri­lən tədbirlər nəticəsində 4 kq 100 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülmüşdür.

Yanvar ayının 8-də keçirilən əməliyyat tədbiri nəticəsində Cəlilabad rayonu ərazisində Masallı rayon sakinləri 1973-cü il təvəllüdlü Cəbrayılov Ehtiram Vətən oğlu və onun həyat yoldaşı 1977-ci il təvəllüdlü Cəbrayılova Aynurə Tahir qızı “Vaz-2106”markalı Az 10-CP-311 dövlət qeydiyyat nömrəli avtomobildə saxlanılmışlar. Avtomobilə baxış zamanı yük yerində ümumi çəkisi 3,5 kq narkotik maddə olan tiryək aşkar edilərək götürülmüşdür.

Yanvar ayının 22-də “Yalama” sərhəd nəzarət məntəqəsində Astara rayon sakini 1986-cı il təvəllüdlü Hüseynov Tural Rəhman oğuna məxsus əl yükünə baxış keçirilərkən 6 kq narkotik maddə olan həşiş qətranı aşkar olunaraq götürül­müşdür.

Ay ərzində “Biləsuvar” sərhəd nəzarət məntəqəsində 5 halda 903 qram, “Astara” sərhəd nəzarət məntəqəsində 6 halda 653 qram narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Qaçaqmalçılıqla mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 66 halda ümumi dəyəri təqribən 734 min manat olan qaçaq­ma­lın, o cümlədən 2 ədəd “F-1”əl qumbarası, 1 ədəd tüfəng, 1 ədəd  pnev­matik tapança, 1 ədəd travmatık tapança, travmatık tapança üçün 65 ədəd patron və 1 ədəd daraq, 10 ədəd 7,62 mm-lik patron, 67 kq barıt, 1 kq qırma, 10 ədəd 16 mm-lik giliz, 1 ədəd beşbarmaq, 2 ədəd elektro­keyləşdirici, 420.800 ABŞ dolları, 250 qram qızıl-zinət əşyaları, 40 ədəd kombi, 220 ədəd təzyiqölçən cihaz, 2 ədəd qayıq, 176 ədəd mobil telefon, 4245 qutu müxtəlif markalı siqaret, müxtəlif dərman preparatları, ərzaq və sənaye malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

 Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw