+
-
29.12.2014
29.12.2014-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi, bütün hərbi hissələrin müasir silah və texnika ilə təmin olunması, yeni hərbi hissələrdə və sərhəd bölmələrində müasir şəraitin yaradılması nəticəsində Vətənimizin sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində yüksək nailiyyətlər əldə edilmişdir.

Bu nailiyyətlərin əldə olunması Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin uğurla həyata keçirilməsi, sərhəd təhlükəsizliyinin ən yüksək tələblər səviyyəsində təmin edilməsi üçün respublika rəhbərliyi tərəfindən bütün lazımi şəraitin yaradılması və bu sahənin inkişafına xüsusi önəm verilməsi nəticəsində mümkün olmuşdur.

Sərhədlərin mühafizəsi işinin səviyyəsi birbaşa şəxsi heyətin mənəvi-psixoloji vəziyyətindən asılıdır.Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin daim yüksək səviyyədə saxlanılması məqsədilə Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində müntəzəm olaraq tərbiyəvi və mədəni-kütləvi tədbirlər keçirilir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsində, şəxsi heyətin vətənpər­vərlik ruhunda tərbiyə edilməsində və hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılmasında valideynlərin rolunun artırılması məqsədilə hərbi qulluqçuların valideynləri ilə sıx əlaqələrin yaradılmasına böyük önəm verilir. Dövlət Sərhəd Xidmətinə hərbi xidmətə çağrılan hər bir əsgərin valideyninə məktublar göndərilir, onlarla daimi əlaqələrin saxlanması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərin sırasında hərbi hissələrdə və sərhəd bölmələrində “Valideyn günləri”nin keçirilməsini xüsusilə qeyd etmək olar.

Belə tədbirlərdən biri də dekabr ayının 27-də Zaqatala sərhəd dəstəsinin Yuxarı Çardaqlar sərhəd zastavasında keçirilmişdir. Sərhəd dəstəsi rəhbərliyinin, Zaqatala rayon icra hakimiyyətinin və yerli bələdiy­yələrin nümayəndələrinin, sərhəd zastavasında xidmət edən əsgərlərin valideynlərinin iştirakı ilə keçirilən tədbirdə öncə qonaqlara çay süfrəsi arxasında hərbi hissə və sərhəd zastavası barədə ümumi məlumatlar verilmişdir. Valideynlərlə əsgərlərin şəxsi görüşləri keçirildikdən sonra qonaqlar sərhəd zastavasında yaradılmış xidmət və məişət şəraiti ilə tanış olmuşlar.

Tədbirin rəsmi hissəsində çıxış edən Zaqatala Sərhəd Dəstəsinin rəisi polkovnik Hicran Hüseynov keçirilən tədbirin məqsədi barədə məlumat vermişdir. Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısını, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişafı, əldə olunmuş uğurları əks etdirən foto-slayd nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edən valideynlər sərhəd zastavasında yaradılmış xidmət və məişət şəraitindən razı qaldıqlarını bildirmiş, sərhədçi əsgərlərə öz tövsiyələrini vermişlər. Daha sonra dövlət sərhədinin mühafizəsinin təşkilində valideynlərin və hərbi kollektivin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılmışdır. Övladlarının xidmətləri ilə bağlı valideyn­lərin rəy, təklif və iradları dinlənildikdən sonra xidmətdə fərqlənmiş hərbi qulluqçuların həvəsləndirilməsi barədə hərbi hissə komandirinin əmri oxunmuş, fərqlənmiş hərbi qulluqçulara “Xidmətdə fərqlənmiş sərhədçi” döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edilmişdir. Fərqlənmiş hərbi qulluqçuların valideynlərinə “Təşəkkür məktubları” təqdim edilmişdir.

Birgə nahardan sonra tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin Zabitlər Evinin “Sərhədçi” vokal-instrumental ansamblının, Zaqatala rayonunun Yuxarı Çardaqlar, Lahıc və Sabunçu kəndlərinin mədəniyyət kollektivlərinin hazırladığı maraqlı konsert proqramına tamaşa etmişlər. 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi 

f tw