+
-
02.12.2014
02.12.2014- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

29 noyabr 2014-cü il tarixdə “qafqaznews.az” saytında Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu, 2013-cü ilin iyul ayında Xətai rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Əsədov Əli Nizami oğlunun vəfat etməsi ilə əlaqədar həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş məlumat yerləşdirilmişdir. Həmin məlumatla əlaqədar  Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi aşağıdakıları bildirir:

Əsgər Ə.Əsədov səhhətində yaranan problemlərlə əlaqədar 07 yanvar 2014-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına qəbul edilmiş və “Orta ağır formalı B12 defisitli anemiya” diaqnozu ilə müalicə olunmuşdur. Vəziyyəti pisləş­di­yi üçün fevral ayının 11-də Bakı şəhərində bir neçə ixtisaslaşdırılmış tibb müəs­si­­səsində dərindən müayinələr aparılmış, “Kəskin limfaleykoz mieloblast variant” diaq­nozu şübhəsi ilə Mərkəzi Klinik Xəstəxanaya təxliyə edilmişdir. Burada 3 müalicə kursu aparılmasına baxmayaraq, əsgərin vəziyyətində yaxşılaşma müşahi­də olunmamışdır.

Bununla əlaqədar xəstənin Türkiyə Silahlı Qüvvələrinin Gülhanə Hərbi Tibb Akademiyasında müalicəsinin davam etdirilməsi məsələsi razılaşdırılmış və əsgər Ə.Əsədov DSX-nin həkim mütəxəssisinin müşayiəti ilə 9 iyul 2014-cü il tarixdə Tür­kiyəyə göndərilmişdir. Kəskin xarakter daşıyan xəstəliyin müalicəsi ilə bağlı bütün zəruri tədbirlərin görülməsinə baxmayaraq 20.07.2014-cü il tarixdə Ə.Əsədov Gülhanə Hərbi Tibb Akademiyasında vəfat etmişdir.

Əsgər Ə.Əsədovun müalicəsi DSX tərəfindən daim diqqət mərkəzində saxlanılmış, Mərkəzi Klinik Xəstəxanada və Gülhanə Hərbi Tibb Akademiyasında müayinə, müalicə xərcləri vaxtlı-vaxtında və tam həcmdə ödənilmişdir. Onun cəna­zə­sinin Azərbaycan Respublikasına gətirilməsi, dəfn olunması və yas məra­si­mi­nin təşkilində DSX tərəfindən yaxından iştirak edilmiş və mərhumun ailəsinə müva­fiq yardımlar göstərilmişdir.

“Qafqaznews.az” xəbər  saytının Ə.Əsədovun guya 29.11.2014-cü il tarixdə vəfat etdiyi, xəstənin müalicəsi üçün DSX tərəfindən vaxtında müvafiq tədbirlərin görül­mədiyi və zəruri vəsaitin ayrılmadığı barədə qərəzli məlumat yaymasını təəssüf hissi ilə qeyd edir, bu kimi məlumatların kütləvi informasiya vasitələrində yer almasını Dövlət Sərhəd Xidmətinin nüfuzuna xələl gətirilməsinə cəhd kimi qiymət­ləndirir, təkzib verilməsini tələb edirik.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw