14.08.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2014-cü ilin iyul ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilmişdir.

Bu müddət ərzində dövlət sərhədini pozduqları üçün 33 halda 47 nəfər saxla­nılmış, onların 24 nəfəri Azərbaycan Respublikası, 11 nəfəri Özbəkistan, 4 nəfəri Moldova, 3 nəfəri Gürcüstan, 2 nəfəri Türkiyə və hər ölkədən 1 nəfər olmaqla Rusiya Federasiyası, İran İslam Respublikası və Ukrayna vətəndaşı olmuşdur.

Sərhəd rejim qaydalarını pozduqlarına görə 5 halda 10 nəfər, Xəzər dənizində 20 halda 25 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunmuşlar. Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 234 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 17 halda 22 kiloqram 166 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır. O cümlədən:

- 01.07.2014-cü il tarixdə Cəlilabad rayonu ərazisində Lənkəran  rayonunun Liman qəsəbə sakini, 1989-cu il təvəllüdlü Səlimov Kamran Şamil oğlunun üzərində 10 kiloqram 490 qram narkotik maddə;

- 09.07.2014-cü il tarixdə “Astara» sərhəd nəzarəti məntəqəsində  İrandan Azərbaycana keçməyə cəhd edərkən saxlanılmış Astara  rayon sakini 1972–ci il təvəllüdlü Mirzəyev Ayaz Zakir oğlunun  üzərində 4,125 kiloqram tiryək 158 qram heroin;

- 16.07.2014-cü il tarixdə  “Biləsuvar” sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən Bərdə  rayon sakini 1963-cü il təvəllüdlü Cəfərov Namiq Tapdıq oğlunun  üzərində  500  qram heroin;

- 22.07.2014-cü il tarixdə Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisində Fizuli rayon sakinləri 1971-ci il təvəllüdlü Quliyev Alı Xanmurad oğlu və 1964-cü il təvəllüdlü Behbudov Qədir Sevindik oğlu şübhəli şəxs qismində saxlanılmışdır. Əraziyə baxış zamanı 1 kiloqram marixuana və 1 kiloqram heroin aşkarlan­mış­dır. İyul ayının 24-də alınmış əməliyyat məlumatı nəticəsində “Bakı-Astara” yolu­nun 136-cı kilometrində axtarış tədbirləri keçirilmiş, 1 kiloqram marixuana aşkar­lanmışdır. İyul ayının 25-də “Astara” sərhəd nəzarəti məntəqəsində İran­dan Azərbaycana keçmiş Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Zahirov Elxan Şərif oğlunun əl yükündən 2,835 kiloqram tiryək, bədəninin daxili orqanla­rın­dan­ 150 qram heroin aşkarlanaraq götürülmüşdür.  

 Ay ərzində “Biləsuvar” sərhəd nəzarəti məntəqəsində İran İslam Respub­lika­sın­dan Azərbaycana gələrkən Cəlilabad rayon sakini, 1970-ci il təvəllüdlü Nəbiyev Nizami Nəbi oğlunun, Göyçay rayon sakini, 1974-cü il təvəllüdlü Məmmədov Fazil Maqsud oğlunun, Məmmədov Şərif Akif oğlunun, Lənkəran rayon sakini, 1967-ci il təvəllüdlü Abdullayev Nazim Surxay oğlunun, Bakı şəhər sakini, 1968-ci il təvəl­lüd­lü Nəzərov Mahir Tapdıq oğlunun, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Məmmədov Şərif Akif oğlunun, “Astara” sərhəd nəzarəti məntəqəsində İrandan Azər­bay­cana keçmiş Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Abdullayev Elşən Fizuli oğlunun bədənlərinin daxili orqanlarında gizlətdikləri narkotik maddələr aşkarlanaraq götürülmüşdür.

Bundan əlavə sərhədyanı rayonların ərazisində 4 halda 8,2 hektar sahədən ümumi çəkisi 13 ton 256,4 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli bitki yığılaraq müvafiq qaydada yandırılmışdır.

Qaçaqmalçılıq   fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 41 halda ümumi dəyəri təqribən 587 min manat olan qaçaq­mal, o cümlədən 3 ədəd pnevmatik tapança, 2 ədəd bıçaq, 2,365 qram civə, Rusiyaya aid olan 0,5 litrlik spirtli içkilər üçün 250 min ədəd  saxta aksiz markası, 17 ədəd onluq qızıl pul, 4 ədəd beşlik qızıl pul, 1 ədəd qızıl saat, 405 ABŞ valyu­ta­sı, 310 ədəd pirotexniki vasitə, 2434 qutu siqaret, müxtəlif dərman preparatları və səna­ye malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.             

                               Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi