Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.
11.08.2014-сü il tarixdə Dövlət Sərhəd Xidmətinin Akademiyasında Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümünə həsr edilmiş «Heydər Əliyev milli sərhəd strategiyamızın banisidir” mövzusunda konfrans keçirilmişdir.
Ulu Öndərin möhtəşəm abidəsi önünə əklil qoyulması ilə başlanan tədbirin iştirakçıları Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin inkişafı üçün qəbul etdikləri qərarlardan, Ali Baş Komandanın Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrinə səfərlərindən bəhs edən fotosərgiyə tamaşa etmişlər.
Konfransda Dahi Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə müstəsna yeri, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında və xalqımızın müstəqillik arzusuna çatmasında, ölkəmizin bu gün dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilməsində xidmətləri haqqında iştirakçılara geniş məlumat verilmişdir. Ulu Öndər Heydər Əliyevin imzaladığı fərman və sərəncamlarla, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti ilə keçirdiyi görüşlərdə, söylədiyi dərin məzmunlu nitqlərlə milli sərhəd siyasətimizi formalaşdırması, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyən etməsi xüsusi qeyd olunmuşdur.
Konfransda millət vəkili Aydın Mirzəzadənin “Heydər Əliyev və ordu quruculuğu ”, Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarə rəisinin müavini polkovnik İ.Musayevin “Heydər Əliyev milli sərhəd strategiyamızın banisidir” mövzularında məruzələri dinlənilmişdir.
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film konfrans iştirakçılarına nümayiş olunmuşdur
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi