“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin 2014-2015-ci illərdə birgə tədbirlər Planı”na əsasən 2014-cü ilin 21-24 iyul tarixlərində Rusiya Federasiyasının Maxaçqala limanının cənub istiqamətində Xəzər dənizində bioloji resursların qorunması, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya və qaçaqmalçılığa qarşı mübarizə aparılması mövzusunda geniş miqyaslı təlimlər keçirilmişdir.
Təlimdə Azərbaycan tərəfdən DSX Sahil Mühafizəsinin 2-ci dərəcəli 701-ci sərhəd gözətçi gəmisi və 2 itisürətli kater, Rusiya Federasiyası tərəfdən 3 gəmi, 1 itisürətli kater iştirak etmişdir.
Təlim qarşılıqlı əlaqələrin yaradılması və məlumat mübadiləsinin aparılması, qüvvə və vasitələrin təyin olunmuş rayona çıxarılması, sərhədi pozmuş üzmə vasitəsinin axtarışının həyata keçirilməsi, aşkarlanması və təqib edilməsi, xəbərdarlıq atəşi ilə gəminin dayandırılması, baxış qrupunun qayıq vasitəsi ilə baxış keçirilən gəmiyə çıxarılması, baxışın aparılma-sı və gəminin saxlanılması taktiki epizodlarından ibarət olmuşdur.
Təlim zamanı qarşıya qoyulmuş vəzifələr tam həcmdə yerinə yetirilmiş, Azəbaycan və Rusiya sərhəd gözətçi gəmilərinin şəxsi heyəti tərəfindən yüksək məharət və peşəkarlıq nümayiş etdirilmişdir.
Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi