09.06.2014- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2014-cü ilin 04 iyun tarixində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınmışdır.

Həmin tarixdə Beyləqan rayonu 1-ci Şahsevən kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İİR ərazisində mövqe tutmuş silahlı qrupun müşahidəsi altında İrandan Azərbaycan Respublikasına keçərkən sərhəd naryadına silahlı müqavimət göstərməyə cəhd etmiş İİR vətəndaşı, Parsabad şəhər sakini, 1983-cü il təvəllüdlü Hüseyni Hüseyn Mircəlil oğlu saxlanılmışdır. Sərhəd pozucusunun üzərindən “Maqnum-200” markalı tapança və 1 kiloqram 580 qram həşiş qətranı aşkar olunmuşdur.

Faktla bağlı DSX İstintaq və Təhqiqat İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama və ya satma) və 318.2 (dövlət sərhədinin pozulması) maddələri ilə cinayət işi başlanılmışdır.

İİR vətəndaşı H.M.Hüseyni təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayətin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyat-istintaq tədbirləri davam etdirilir.