+
-
23.04.2014
23.04.2014-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı aparılan mübarizə tədbirləri nəticəsində dövlət sərhədindən külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qanunsuz yolla keçirilməsinin qarşısı alınmış, ümumilikdə 58 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmışdır.

Belə ki, 12 aprel 2014-cü il tarixdə gecə saat 00:10 radələrində Horadiz Sərhəd Dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan  Azərbaycan Respublikası istiqamətində külli miqdarda narkotik vasitələri keçirməyə cəhd edən naməlum şəxs ərazidə xidmət aparan  Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilmiş, onun Azərbaycan Respublikası ərazisinə daxil olmasının qarşısı alınmış, nəticədə sərhəd pozucusu müqavimətlə rastlaşıb geri qaçmağa məcbur olmuşdur. Sərhəd pozucusunun hərəkət marşrutu üzrə ərazidə axtarış tədbirləri keçirilmiş, nəticədə 3 kiloqrama yaxın külli miqdarda narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür.

Bundan başqa, 15 aprel 2014-cü il tarixdə saat 22:15–də Göytəpə Sərhəd Dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə İrandan Azər­bay­cana külli miqdarda narkotik vasitələri keçirməyə cəhd edən 3 nəfərdən ibarət dəstə ərazidə xidmət aparan  Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərə­findən aşkar edilmiş, sərhəd pozucuları DSX əməkdaşlarının müqaviməti ilə rastlaşıb geri qaçmağa məcbur olmuşlar. Keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə külli miqdarda 9,1 kq heroin, 14 kq tiryək, 22,9 kq həşiş qətranı, 8,7 kq qurudulmuş mari­xuana, 120 qram kristall formasında heroin və 300 ml qabda metodon məhlulu aşkar edilərək götürülmüşdür.

Hər iki faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 318, 206, 234–cü maddələri ilə cinayət işləri başlanılmışdır.

Hazırda həmin cinayət işləri üzrə cinayətin iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədi ilə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

 

DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN MƏTBUAT MƏRKƏZİ

f tw