+
-
27.03.2014
27.03.2014-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2014-cü ilin mart ayının 27-də Dövlət Sərhəd  Xidmətinin Akademiyasının kursantları üçün “Azərbaycanın Sərhəd Mühafizəsi: nailiyyətlər və inkişaf perspektivləri” mövzusunda təqdimat məra­simi keçirilmişdir.

Təqdimat zamanı Akademiyanın kursant heyəti qarşısında çıxış edən general-leytenant Elçin Quliyev Azərbaycan Sərhəd Mühafizəsinin təşəkkülü və formalaşması, milli sərhəd mühafizə qüvvələrinin çətin və şərəfli inkişaf yolu, dövlət sərhədlərinin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlər, hazırda həyata keçirilən tədbirlər və Dövlət Sərhəd  Xidmətinin gələ­cək­ inkişaf istiqamətləri barədə geniş məlumat vermişdir.

XX əsrin ikinci yarısından etibarən dövlət sərhədinin mühafizəsi sahəsində əldə olunmuş bütün uğur və nailiyyətlərin Ümummilli Lider Heydər Əliyevin  taleyüklü qərarları nəticəsində mümkün olması, dahi öndərin DSX qarşısında beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotiklərin qanunsuz dövriyyəsinə, kütləvi qırğın silahlarının yayılmasına və qaçaqmalçılığa qarşı mübarizə, dənizdə neft- qaz hasilatı infrastrukturunun mühafizəsi kimi vəzifələr qoyma­sı­nın­ və bu vəzifələrin icrası üçün zəruri səlahiyyətlər müəyyən etməsinin Azərbaycan Sərhəd Müha­fizəsinin inkişafına xüsusi təkan verməsi qeyd olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Dövlət Sərhəd  Xidmətində aparılan islahatlara böyük diqqət göstə­ril­mə­si və məhz bu qayğı sayəsində Dövlət Sərhəd  Xidmətinin aparatının, Naxçıvan sərhəd divi­zi­ya­sının, Horadiz, Göytəpə, Lənkəran, Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəstələri qarni­zon­la­rının,”Sərhədçi” idman – olimpiya kompleksinin, Abşeron rayonunun Görədil qəsəbəsində “Sərhədçi” istirahət mərkəzinin, Türkan qəsəbəsində Sahil Mühafizəsinin yeni bazası və yaşayış binaları kompleksinin, DSX Akademiyasının, Bakı şəhərinin Nərimanov rayonunda 1 ədəd 48 mənzilli, 3 ədəd 88 mənzilli yaşayış binalarının, sərhəd xətti boyu 109  sərhəd zastavası və  sərhəd komendantlığı komplekslərinin inşa edilməsi, 1747 mənzildən ibarət 115 yaşayış bina­sı­nın xidməti istifadəyə verilməsi xüsusi vurğulanmışdır.

Silahlı Qüvvələrin Ali Baş Komandanının DSX-nin hərbi hissə və bölmələrinə dəfələrlə səfər­ etməsinin Dövlət Sərhəd Xidmətinə göstərilən diqqət və qayğının yüksək təzahürü olmasını xüsusi vurğulayan general-leytenant Elçin Quliyev Azərbaycan Respublikasının dövlət sərhədləri yaxınlığında mövcud olan əməliyyat şəraiti, Dövlət Sərhəd  Xidmətində həyata keçirilən ştat-struktur islahatları, hərbi qulluqçuların sosial məişət problemlərinin həlli istiqamətində görülən işlər, dəniz sərhədlərinin mühafizəsi  və beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi barədə də kursantlara ətraflı məlumat vermişdir.

Hər bir Azərbaycan zabitinin, Azərbaycan sərhədçisinin şərəf işi olan işğal edilmiş torpaqların azad edilməsinin və ölkə sərhədlərini tam mühafizə altına götürülməsinin Azərbaycan sərhəd mühafizəsinin ən əsas vəzifəsi olması, Azərbaycan sərhədçilərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında Vətənə şərəflə xidmət etməyə hazır olmaları xüsusi vurğulanmışdır.

f tw