+
-
12.03.2014
12.03.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

2014-cü ilin mart ayının 11-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət Sərhəd Xidmətinin Aparatında ordu generalı Hulusi Akarın qarşılanma mərasimi keçirilib. Rəsmi protokola uyğun olaraq Quru Qoşunları Komandanı Şərəf dəftərinə ürək sözlərini yazıb.

Geniş tərkibdə keçirilən görüş zamanı Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev qonaqları salamlayaraq Azərbaycanın dövlət sərhədlərindəki əməliyyat şəraiti,  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizinin, eləcə də Azərbaycan-İran sərhədinin 132 kilometrinin işğal altında olması, bu ərazilərdən qaçaqmalçılıq və digər qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə məlumat verib. Qonaqlar Azərbaycan sərhəd mühafizəsi sisteminin təşkili, Dövlət Sərhəd Xidmətinin təyinatı və tapşırıqları, həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlərlə tanış ediliblər.

Müzakirələr zamanı ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması, birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Coşqun da iştirak edib.   

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

f tw