26.02.2014-Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətinin Aparatında Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Şəxsi heyət erməni faşizmini əks etdirən geniş sərginin materialları ilə tanış olmuşdur.

Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkbərov giriş sözü ilə çıxış edərək qanlı faciə barədə məlumat vermişdir.

Erməni faşistlərinin törətdikləri qanlı faciə barədə geniş məruzə şəxsi heyətin diqqətinə çatdırılmışdır. Qeyd olunmuşdur ki, bu faciə iki yüz ildən çox müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi incəliklə yeridilən bu mənfur siyasət və düşmənçilik heç zaman dayanmamış, gah açıq qarşıdurma və qanlı toqquşmalar şəkilini almış, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələnmişdir.

Məlumdur ki, 1988-ci ildən etibarən erməni millətçiləri yenidən baş qaldırmış və növbəti ərazi iddialarına düşmüşlər. Nəticədə on minlərlə insan həlak olmuş, əlil vəziyyətinə düşmüş, milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilmiş, Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonumuz sovet ordusunun köməyi ilə erməni hərbi birləşmələri tərəfindən işğal edilmişdir. Lakin 1992-ci ildə qədim Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi bu faciələrin ən dəhşətlisi oldu. Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaqdır.

Xocalı hadisəsinə yalnız Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ilin fevral ayının 24-də Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımı haqqında qərar qəbul etdi. Həmin qərarda hər il fevralın 26-nın “Xocalı soyqırımı günü” kimi elan olunması qeyd edildi.

Bu gün Azərbaycan hökümətinin və xalqının qarşısında ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi anılmasına nail olmaq vəzifəsi durur. Hazırda Xocalı faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılması, onun əsl soyqırım aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılır, kitablar yazılır, tədqiqatlar aparılır. Ayrı-ayrı ölkələrin parlamentlərində, beynəlxalq təşkilatlarda bu faciə müzakirəyə çıxarılır, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb edilir.

Tədbirdə əbədiyaşar liderimiz Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin milli maraqlarını dünya birliyində layiqincə müdafiə edərək torpaqlarımızın geri qaytarılmasını təmin edəcəyinə, xalqımızın sülh, əmin-amanlıq şəraitində yaşamasına tam nail olacağına əminlik ifadə olunmuşdur.

Xocalı şəhidlərinin əziz xatirəsinin dərin hüznlə yad edildiyi tədbirin sonunda erməni faşistlərinin törətdikləri vəhşilikləri əks etdirən film nümayiş olunmuşdur.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi

 

  • 80
  • 80
  • 80
  • 80
  • 80
  • 80