13.02.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

 

Dövlət Sərhəd Xidməti  tərəfindən 2014-cü ilin yanvar ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

Ay ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 30 nəfər saxlanılmış, onların 14 nəfəri Azərbaycan Respublikası, 9 nəfəri Özbəkistan, 2 nəfəri İran İslam Respublikası, 2 nəfəri Rusiya Federasiyası, 1 nəfəri Gürcüstan, 1 nəfəri Türkiyə, 1 nəfəri Qana vətəndaşı olmuşdur. Sərhəd rejim qaydalarını pozarkən  yaşıl sərhəddə 4 halda 9 nəfər, Xəzər dənizində 18 halda 24 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 187 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 6 kiloqram 943 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Yanvar ayının 5-də saat 20:00 radələrində Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində 4 nəfərdən ibarət silahlı qaçaqmalçı qrupun İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmə cəhdinin qarşısı alınmışdır.

Sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı silah tətbiq olunmuşdur. Sərhədçilərin qətiyyətli hərəkətləri nəticəsində silahlı basqın dəf olunmuş, sərhəd pozucuları geri qaçmağa məcbur edilmişlər. Hadisə yerinə baxış zamanı ərazidə 4 kiloqram tiryək  və 1 kiloqram heroin aşkar olunaraq götürülmüşdür.

"Biləsuvar" sərhəd nəzarəti məntəqəsində yanvar ayının 21-də İrandan Azərbaycana keçərkən Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü Məmmədov Vüqar Şucayət oğlunun bədənində gizlətdiyi 207  qram heroin, İran İslam Respublikası vətəndaşı, 1977-ci il təvəllüdlü Sərbaz Mehrac İsrəfilin bədənində gizlətdiyi 303 qram heroin, "Astara" sərhəd nəzarəti məntəqəsində yanvar ayının 16-da  Masallı rayon sakini, 1983-cü il təvəllüdlü Nəsirov Rövşən Hamlet oğlunun alt paltarında gizlətdiyi 263 qram tiryək, yanvar ayının 21-də Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Qənbərov Aydın Məhəmməd oğlunun alt paltarında gizlətdiyi 163 qram və Füzuli rayon sakini, 1978-ci il təvəllüdlü Ağayev Rövşən Bəyəndik oğlunun alt paltarında gizlətdiyi 100 qram narkotik tərkibli kokos, yanvar ayının 26-da Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Məmmədova Əzizə Qüdrət qızının bədənində gizlətdiyi 162,8 qram həşiş aşkarlanaraq götürülmüşdür.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 54 halda ümumi dəyəri təqribən 368 min manat olan qaçaqmal, o cümlədən AKM üçün 1 ədəd daraq, 1 ədəd pnevmatik tapança, 8 ədəd 7,62 millimetrlik patron, 10 ədəd 16 millimetrlik patron, 0,3 kiloqram barıt, 126 ədəd daraq çantası, 126 ədəd patron çantası, 6832 ədəd pirotexniki vasitə, 1 ədəd kater, 1 ədəd qayıq, 232 ədəd mobil telefon, 35770 qutu siqaret, 2500 litr dizel yanacağı, 11 baş iribuynuzlu qaramal, müxtəlif növ dərman preparatları, spirtli içki və sənaye malları saxlanılmışdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamə­tində tədbirlər davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi