+
-
18.01.2014
18.01.2014 - Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Dövlət Sərhəd Xidmətində 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Mərasim açıq elan edildikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimdə 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət və insanların vəhşicəsinə qətlə yetirilməsi qeyd edilmiş, həmin tarixi gecə Azərbaycan xalqının özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bir daha bəyan etdiyi bildirilmişdir. Qanlı hadisəyə kəskin etiraz olaraq ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verməsi, faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsi, hərbiçilərin dinc əhaliyə divan tutmasına və bütöv bir xalqa qarşı edilmiş tarixi cinayətə qarşı kəskin münasibət bildirməsi tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.

Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymətin yalnız  ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasın­dan sonra verilməsi xüsusilə vurğulanmışdır.

Qeyd edilmişdir ki, Heydər Əliyev 20 yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalamış, 20 Yanvar ümumxalq hüzn günü elan olunmuşdur.

20 Yanvar ümumxalq hüzn gününün qeyd olunması ənənəsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfin­dən davam etdirildiyi, dövlətimizin şəhidlərin xatirəsini daim uca tutduğu, şəhid ailələrinə hər cür dəstək verildiyi, sosial təminatlarına müstəsna diqqət yetirildiyi, haqq-ədalət və müstəqil­liyimizin bərpası uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı qeyd edilmişdir.

Tədbirin sonunda 20 Yanvara həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

 

 

DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN MƏTBUAT MƏRKƏZİ.

f tw