Cənab generallar,
zabitlər və kursantlar!
Azərbaycan Sərhəd Mühafizəsinin zəfər və rəşadətlik ənənələrinin növbəti davamçılarının - Dövlət Sərhəd Xidmətinin Akademiyasının məzunlarının 10-cu buraxılış mərasimində hər birinizi salamlayır, bu əlamətdar günün təntənəsini Sizlərlə birgə yaşamağımızdan qürur duyduğumu bildirirəm!
Gənc zabitlər!
Dövlət Sərhəd Xidmətinin zabitləri sırasına daxil olduğunuz hazırki gün Azərbaycan Sərhəd Mühafizəsi tarixinin şərəfli dövrünə təsadüf edir.
Azərbaycanın sərhədçi zabiti adını almağınız münasibətilə hər birinizi təbrik edirəm!
Hörmətli tədbir iştirakçıları!
Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında “DƏMİR YUMRUQ” əməliyyatı nəticəsində ərazi bütövlüyümüz bərpa olunmuş, 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatmış, Tarixi Zəfərimiz təmin edilmişdir!
Beləliklə İranla dövlət sərhədinin 132 km, Ermənistanla dövlət sərhədinin 500 km-dək sahəsinin Ermənistan tərəfindən işğalına son qoyulmuş və ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir!
Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqları uğurla icra olunmuş, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstərmiş, qalibiyyət dastanı yazmışlar.
Uzun müddət öncədən sistemli şəkildə düşünülmüş və həyata keçirilmiş yanaşmalar, o cümlədən DSX-nin çevik hərəkət qüvvələrinin formalaşdırılması və xüsusi hazırlıqlı peşəkar heyətlə komplektləşdirilməsi, ən müasir silahlarla və hərbi ləvazimatla təchizatlandırılması, real döyüş təcrübəsi əldə etmələrinə xüsusilə ciddi önəm verilməsi, pilotsuz uçuş aparatlarının alınması və effektiv tətbiq olunması üzrə peşəkar vərdişlərin formalaşdırılması, zirehli döyüş texnikalarının modernləşdirilməsi, müasir hərb tarixində AN-2 təyyarələrinin pilotsuz uçuş aparatı kimi tətbiqi və digər fəaliyyətlər böyük Zəfərin əldə olunmasında Azərbaycan sərhədçilərinin uğurlu iştirakına zəmin yaratmışdır.
Döyüş əməliyyatlarının ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etmişlər. 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv etmiş, Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı sancmış, qızğın döyüşlər nəticəsində Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad etmişlər. Bu yüksəkliklərin azad edilməsi uğrunda döyüşlər zamanı bölmələrimizin üzərinə havadan həmlə edən SU-25 düşmən təyyarəsinin atıcı silahlardan açılmış atəşlə məhv edilməsi də hərb tariximizə həkk olunmuşdur.
AN-2 təyyarələrinin pilotsuz uçuş aparatları kimi modernləşdirilərək müasir döyüş elementləri sırasına əlavə edilməsi və xüsusi tətbiqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemlərinin və digər strateji hədəflərinin aşkarlanaraq məhv edilməsinə nail olunmuşdur.
Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilmiş, ümumilikdə 290 düşmən hədəfi məhv edilmişdir.
26 aprel tarixində Dövlət Sərhəd Xidmətinin Cəbrayıl rayonu ərazisində yeni hərbi hissəsinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin "Sərhədçilərin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm!" deməsi bizə göstərilən ali etimadın növbəti ifadəsi olmaqla hər birimizi daha böyük xidməti qələbələrə ruhlandırmışdır.
Müzəffər Ali Baş Komandanımız sərhədçiləri "Vətən Müharibəsi Qəhrəmanı" adı ilə, orden və medallarla təltif etmişdir. Ölkəmizin ən yüksək fərqlənmə dərəcəsi olan "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş sərhədçi zabitlər sırasında DSX Akademiyasının 4 məzununun olmasını da qeyd edərək bu cür zabitlərin - sözün əsl mənasında qəhrəmanların yetişdirilməsində, tərbiyələndirilməsində DSX Akademiyasının pedaqoji və komandir heyətinin də əməyini xüsusi vurğulayıram!
Bu döyüş əməliyyatları zamanı şəhidlərimiz və yaralılarmız da olmuşdur. Vətən uğrunda savaşda həlak olmuş bütün qəhrəmanların və onların sırasında Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olmuş 4 zabitimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyimizi xahiş edirəm!
Hörmətli tədbir iştirakçıları!
Bu gün qəhrəman Azərbaycan sərhədçisi - uğrunda qan tökdüyü, şəhidlər verdiyi torpaqlarımızın azad olunmasında iştirakından və dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında xidmət etməkdən qürur duyur!
Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra Müzəffər Ali Baş Komandanımızın tapşırığına əsasən bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradılır, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər həyata keçirilir.
Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş hissəsində sərhəd zastavalarının fəaliyyəti bərpa edilmiş, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə sərhəd-döyüş məntəqələri fəaliyyətə başlamış, son 2 ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlamışdır. May ayının sonunadək daha 6 hərbi hissənin təmir-tikinti işləri başa çatdırılacaqdır. Bu da dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan sərhədçisinə göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür.
Bu gün əsas vəzifəmiz - işğaldan azad olunmuş dövlət sərhədlərimizin mühafizə altına götürülməsi prosesinin uğurla başa çatdırılması, dövlət sərhədinin etibarlı müdafiə və mühafizəsinin təmin edilməsidir.
Əziz zabitlər!
Əminəm ki, dövlət sərhədlərinin müdafizəsi və mühafizəsi işinə öz önəmli töhfənizi verəcək, dövlət sərhədlərinin keşiyində ayıq-sayıq dayanacaq, qarşımızda duran əsas vəzifələrin icrasında ön sıralarda olacaqsınız!
Bir daha hər birinizi təbrik edir, Azərbaycanın sərhədçi zabiti adını şərəflə daşımağınızı arzulayır və deyirəm:
YAŞASIN AZƏRBAYCAN,
YAŞASIN ALİ BAŞ KOMANDAN!